Netanyahu BCM-də Ərdoğana qarşı iddia qaldırılmasını tapşırıb - KİV

netanyahu-bcm-de-erdogana-qarsi-iddia-qaldirilmasini-tapsirib
Oxunma sayı: 784

İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddia hazırlanması ilə bağlı tapşırıq verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “i24News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Netanyahu İsrailin qurumlararası qrupuna və Beynəlxalq Hüquq Departamentinin direktoruna Türkiyə Prezidenti Ərdoğana qarşı kürdlərə münasibətdə fəaliyyətinə və HƏMAS-ın maliyyələşdirilməsinə görə BCM-ə iddia hazırlanmasını tapşırıb”, - məlumatda deyilir. 

Bildirilib ki, İsrail Baş nazirinin bu addımı Türkiyə Ədliyyə Nazirliyinin Netanyahu üçün “qırmızı bildiriş” verilməsi barədə İnterpola sorğu göndərməsi və onun həbsinə nail olmağa çalışması haqqında xəbərdən sonra atılıb.

Məlumata görə, İsrail iddianı BCM-ə müstəqil şəkildə təqdim edə bilər, lakin bunun üçün vasitəçi ölkənin xidmətlərindən istifadə etməsi ehtimalı daha yüksəkdir. 

Xatırladaq ki, İsrail və Türkiyə Roma Statutunu imzalamadıqları üçün BCM-in səlahiyyətini tanımırlar.