“Ölkələrimiz arasındakı münasibətlər ən yüksək dövrünü yaşayır”

olkelerimiz-arasindaki-munasibetler-en-yuksek-dovrunu-yasayir
Oxunma sayı: 947

Dünyada balanslaşdırılmış siyasət yeridən ölkələrdən biri də Azərbaycandır. Bu istiqamətdə atılan bütün addımlar ölkəmizin güclənməsinə və nəticədə Azərbaycanın qüdrətlənməsinə xidmət edir.

Bu baxımdan dünən Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə səfər etməsi və keçirilən görüşlər olduqca vacibdir. Şimal qonşumuzla münasibətlərimizin bugünkü səviyyəsi məhz ulu öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu, bu gün hər iki ölkənin başçısının əlaqələri fonunda daha da inkişaf edən münasibətlərə söykənir. Belə olan halda bir neçə mühüm məsələni xatırlatmaq yerinə düşər. 

Birincisi, xalqlarımız arasındakı dostluq münasibətləri dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edib. Məhz SSRİ süquta uğradıqdan sonra ilk dəfə olaraq Azərbaycan və Rusiyanın münasibətləri bu qədər sıxlaşaraq, dərinləşib. Belə olan halda əməkdaşlığın gələcək inkişafının əsas kontorları müəyyən edilir və inkişafyönümlü addımlar atılır.

İkincisi, Azərbaycan-Rusiya münasibətlərində ulu öndər Heydər Əliyevin gərgin əməyi var. Məhz, ümummilli liderin xeyirxahlıq və məqsədyönlü addımlarının nəticəsində Baykal-Amur yolunun əsası qoyulub və bu vacib dəmiryolu xətti çəkilib.

Ümumittifaq tikintisi adlandırılmış bu meqa layihənin reallaşmasına xüsusi töhfə verən Heydər Əliyevin əziz xatirəsi bu gün də böyük hörmət və ehtiramla yad edilir. Çünki ulu öndər nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Dünyanın ən uzun dəmir yolu xətlərindən biri olan bu dəmiryolu xəttini, işin böyüklüyünə və əhatə etdiyi ərazinin genişliyinə görə Rusiyada “Əsrin layihəsi” adlandırırdılar. Məhz ulu öndərin həyata keçirdiyi bu layihələrə və göstərdiyi xidmətlərə görə keçən il Heydər Əliyevin 100 illik yubileyi ölkəmizlə bərabər Rusiyada da böyük təntənə ilə qeyd olundu.

Üçüncüsü, bütün ölkələrlə, eləcə də Rusiya ilə münasibətlərə və əlaqələrə qiymət verən ulu öndərin 2002-ci ilin yanvarında bu ölkəyə səfəri dövlətlərimiz arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu və bir çox vacib sənədlərin imzalanması ilə nəticələndi.

Eləcə də Prezident İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı səfərləri ölkələrimiz arasında isti münasibətlərin formalaşmasına, siyasi, iqtisadi, ticarət əlaqələrinin qurulmasına xüsusi töhfə verdi.

Dördüncüsü, münasibətlərimizin inkişafında xüsusi önəm kəsb edən hallardan biri də böyük hüquqi bazanın mövcud olmasıdır. Bu, ölkələrimiz arasında ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə imzalanmış və əsas hüquqi bazanı təşkil edən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”dir. Bu günə qədər imzalanmış ümumi sənədlərin həcmi isə 260-dan artıqdır və bu sənədlərin hər biri ölkələrimiz arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verir.

Bu sənədlərin ən yüksək səviyyəsi isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Belə ki, hər iki dövlət başçısının 2022-ci il fevralın 22-də Moskvada imzaladığı Bəyannamə ölkələrimiz arasındakı çoxillik münasibətləri ən yüksək səviyyəyə - mütəffiqlik səviyyəsinə qaldırıb.

Beşincisi, Rusiyanın nümayiş etdirdiyi mehriban qonşuluq münasibətinin bizim tarixi qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində də şahidi olduq. Məhz Rusiya 2020-ci ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasının təşəbbüskarı olaraq çıxış etdi və müqavilənin tərəflərindən biri oldu. Fransadan fərqli olaraq qərəz göstərməyək, ədalətli mövqe nümayiş etdirdi və münasibətlərin dinc yolla tənzimlənməsinə səylər göstərdi. Nəhayət ki, 10 noyabr tarixində müqavilə imzalandı.

Tarixi, mədəni əlaqələrin inkişafı ilə bərabər bu gün ticarət əlaqələrinin qurulması, qarşılıqlı investisiya yatırımlarının həyata keçirilməsi, eləcə də beynəlxalq yükdaşımalardakı əlaqələr dövlətlərimiz arasında bütün münasibətlərin inkişafını stimulaşdırır. Bu gün ölkələrimiz arasındakı münasibətlər tarixin ən yüksək dövrünü yaşayır.

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev