Onlara maşın yox, maaş lazımdır...

onlara-masin-yox-maas-lazimdir-
Oxunma sayı: 710


Ötən gün Milli Məclisin komitə sədrlərinə yeni xidməti avtomobillər verildi. Bu barədə xəbər birmənalı qarşılanmadı və ölkə mediasında məsələyə geniş yer verildi. Xəbərin mahiyyəti ondan ibarət idi ki, parlamentin komitə sədrlərinə “Mercedes-E-Class” markalı xidməti avtomobillər verilib. Həmin avtomobillərin qiyməti 70-100 min ABŞ dolları arasında dəyişir. Elə dünən redaksiyamızla əlaqə saxlayan komitə sədrlərindən biri sözügedən avtomobillərin qiymətinin şişirdilmiş şəkildə cəmiyyətdə çatdırıldığını deyib. Onun sözlərinə görə, əslində həmin avtomobillərin real qiyməti 60 min dollarıdır. Lakin “Qafqazinfo” olaraq, bizim məqsədimiz nə komitə sədrlərinə yeni xidməti avtomobillərin verilməsini araşdırmaq, nə də onların qiyməti ilə maraqlanmaqdır. Biz son günlər millət vəkillərinin bu və ya digər formada ölkə gündəmini tutmasından istifadə edərək Azərbaycanın Milli Məclisinin üzvlərinin məvacibləri ilə bağlı məsələni diqqət mərkəzinə gətirmək istəyirik. Doğrudur, bu mövzu dəfələrlə həm parlamentdə, həm də mətbuatda müzakirə predimetinə çevrilib. Hər dəfə də, deputatların məvaciblərinin azlığı problem kimi göstərilib. Maraqlıdır ki, cəmi 125 nəfərdən ibarət olan millət vəkillərinin maaşları artırılmayaraq əvvəlki səviyyədə, yəni 1365+685 manat arasında dəyişməz qalıb. Sonuncu dəfə deputatların əmək haqlarında artım təxminən beş il əvvəl olub.

Azərbaycanda gedən inkişafı və dünya ölkələrindəki vəziyyəti nəzərə alsaq, bu gün Milli Məclisin deputatlarının məvacibi yetəli deyil. Ən azı bizdən inkişaf və imkan baxımından geridə olan qonşu ölkələrdə belə deputatlar bizdəkindən bir neçə dəfə çox məvacib alırlar. Bəs belə olan halda bizim deputatların məvacibləri niyə artırılmır? Digər tərəfdən bir neçə nəfəri istisna etməklə deputatların əksəriyyəti də vəziyyətdən narazı görünmür. Sanki, onları əməkhaqları maraqlandırmır...

Əslində, bunun hər kəsə bəlli olan bir neçə səbəbləri var. Səbəblərdən biri hazırkı millət vəkillərinin bir hissəsinin digər sahələrdə yüksək vəzifələr tutması, bir hissəsinin qanunla qadağan edilsə də biznes fəaliyyəti göstərməsi, bir hissəsinin isə məvaciblərindən əlavə olaraq aylıq paketlər alması ilə bağlıdır. Məhz buna görə də, bizim deputatları maaşlarının həcmi maraqlandırmır. Əks halda ən azı hərəsinin 40 minə qədər seçicisi olan və bir ayın az qala hər gününü ya toyda, ya da yasda keçirməyə məcbur qalan deputat bir ayı orta hesabla 1500 manata necə yola verə bilər? Göründüyü kimi bu mümkün deyil. Belə çıxır ki, kifayət qədər aylıq xərci olan millət vəkilləri düşdükləri situasiya ilə razılaşırlar.

Bəs görəsən onların özləri bu barədə nə düşünür? Elə yuxarıda sadaladığımız sualla bağlı bir neçə deputatın rəyini öyrənməyə çalışdıq.

Asim Mollazadə
hesab edir ki, millət vəkillərindən daha çox ölkədə müəllimlərin və həkimlərin maaşları artırmalıdır: “Bu istiqamətdə zəruri islahatlar aparılmalıdır. Ümumiyyətlə isə son illərdə icra və məhkəmə strukturlarında çalışanların əmək haqqı artırıldığı halda, millət vəkillərinin maaşı sabit qalıb. Əvvəllər isə qanunvericilik və məhkəmə orqanlarının əməkhaqqı bir düsturla müəyyənləşdirilirdi” .

Millət vəkili bildirib ki, qonşu ölkələr, məsələn Gürcüstanla müqayisədə bizdə millət vəkillərinin əmək haqqı aşağıdır: “Aldığım əməkhaqqı təbii ki, azdır. Əgər partiyanın dəstəyi olmasaydı, fəaliyyətimizi geniş dairədə qura bilməzdik. Bu sahədə ümumi strategiya müəyyənləşdirilməlidir. Millət vəkillərinin maaşının artırılmasına xüsusi önəm vermirəm. Bu problemə ümumi məsələlərin tərkib hissəsi kimi baxılsa, daha yaxşı olar” .

Onun sözlərinə görə, komitə sədrlərinə yeni xidməti avtomobil verilməsinə texniki məsələ kimi baxmaq lazımdır: “Vaxtı bitmiş avtomobillər yeniləri ilə əvəz olunub. Texniki cəhətdən bu avtomobillər daha yaxşıdır. Uzun müddət istifadə edilə bilər” .

Millət vəkili Fazil Mustafa bildirib ki, onlar hər dəfə bu məsələni qaldıranda cəmiyyət tərəfindən narazılıqlarla qarşılanıb: “Amma nazirliklər, icra strukturlarının müvafiq şöbələrində çalışan şəxslər xidməti avtomobillə təmin edildiyi halda, millət vəkillərinə bu şamil olunmur. Millət vəkili gün ərzində 7-8 tədbirə qatılır. Üstəlik maşını da özü sürür. Düşünürəm ki, bu məsələ qanunvericilikdə normal tənzimlənməyib. Bu, hakimiyyətin yuxarı eşalonlarından gələn yanlış yanaşmanın nəticəsidir. Bundan əlavə, həmin maşınların qiyməti də ictimaiyyət üçün açıq olmalıdır ki, mediada bu barədə spekuliyasiyalar yaranmasın” .

Fazil Mustafa əlavə edib ki, millət vəkillərinin maaşı artırmalıdır, həm də xidməti avtomobillə təmin edilməlidir: “Hər dəfə rayona gedib seçicilərimizlə görüşürük. Demək olar ki, aldığımız əmək haqqının 70-80 faizi yol məsrəflərinə sərf olunur. Hazırda aldığım əmək haqqı 1600 manatdır. Haradasa onun 600 manatı benzinə xərclənir. Qalanı isə seçicilərlə görüşə, onların problemlərinin həllinə, imkansızlara yardım etməyə sərf edilir. Özümüzə isə ciddi bir şey qalmır” .

Məlahət İbrahimqızının
sözlərinə görə, komitə sədrlərinə xidməti avtomobillərin verilməsi dünya təcrübəsində də var: “Millət vəkillərinin maaşı artırılmalıdır. Bəzi kriteriyaları nəzərə alsaq, Azərbaycanda millət vəkillərinin əməkhaqqı aşağıdır. Qonşu ölkələrlə müqayisədə də bu məbləğ azlıq təşkil edir. Biz Azərbaycanı Tacikistan, Moldova ilə müqayisə edə bilmərik. Bəyan edirik ki, Azərbaycan inkişaf tempinə görə regionun lider dövlətidir. Məhz ölkəmizin inkişaf tempini nəzərə alanda millət vəkillərinin maaşı azdır və artırılmalıdır” .

Məlahət İbrahimqızı
məsələyə iki aspektdən yanaşmağının tərəfdarıdır. Biri beynəlxalq təcrübə, ikincisi isə ölkədaxili: “Düzdür, ölkəmizdə bəzi sahələrdə əməkhaqqı alanlara nisbətən millət vəkillərinin maaşı yüksəkdir. Başqa ölkələrlə müqayisədə isə azdır. Hesab edirəm ki, qaldırılmasına ehtiyac var. Mən əməkhaqqımı hesablamamışam. Amma haradasa 1500-1600 manata yaxındır. Nəzərə alaq ki, millət vəkillərinin məsrəfləri də çoxdur. Seçicilərlə görüşmək, imkansız olanlara yardım etmək, tədbirlərdə iştirak etmək, sosial layihələrə qatılmaq və.s bütün bunları nəzərə alanda maaşlar azdır”.

İqbal Ağazadə
isə qeyd edib ki, millət vəkillərinin əməkhaqqı ilə bağlı dəfələrlə mövqeyini bildirib: “Biz deyirik ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Amma millət vəkillərinin maaşı hətta Ermənistan və Gürcüstanla müqayisədə belə azdır. Hətta icra strukturlarında çalışanların da xidməti avtomobilləri var” .

Millət vəkili aldığı əməkhaqqının onu qane etmədiyini vurğulayıb: “Həmin əməkhaqqı seçicilərlə görüşməyə, digər məsrəflərə heç bəs etmir” .

Millət vəkili Fərəc Quliyev də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ölkəmizdə millət vəkillərinə göstərilən diqqət aşağı səviyyədədir: “Qonşu ölkələrdə bizdən daha çoxdur. Millət vəkillərinin daima ictimai kontingentlə əlaqələri, görüşləri olur. Düşünürəm ki, bu bizə qarşı sayğısızlıqdır. Bu məqama diqqət yetirilməlidir. Ümumiyyətlə, əhalinin digər təbəqələrinin də minimum əməkhaqqı, təqaüdü ölkəmizdə çox aşağıdır. Dəfələrlə Milli Məclisdə bu məsələ qaldırılıb. Həmin təbəqələrlə müqayisədə millət vəkillərinin maaşı çox görünür. Əhalinin də əməkhaqqı artırılmalıdır. Bununla yanaşı, millət vəkillərinin maaşı da onlarınkından daha çox olmalıdır” .

Günel Türksoy