“Onun gedişi tarixi bir səhv idi” - Messidən danışdı

onun-gedisi-tarixi-bir-sehv-idi
Oxunma sayı: 587

“Barselona”nın sabiq prezidenti Jozep Bartomeu 2021-ci ildə Lionel Messinin Kataloniya klubundan ayrılmasını “tarixi səhv” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, sabiq rəhbər klubun hazırda yaşadığı maliyyə böhranının qismən də olsa, argentinalı ulduzun yoxluğu ilə bağlı olduğunu etiraf edib:

“O, futbol tarixinin ən yaxşı oyunçusudur və bizə klub tarixinin ən gözəl illərini bəxş edib. Mən hələ prezident olanda planlaşdırırdıq ki, Leo Qətərdəki dünya çempionatından sonra ABŞ-nin “İnter Mayami” klubuna transfer olunsun. Hətta Devid Bekhem bu məsələ üçün şəxsən Barselonaya gəlmişdi, bu onun ən böyük hədəfi idi. Bekhem sonda Leo ilə müqavilə imzalamağa nail oldu, lakin təəssüf ki, biz Messinin “Barsa”dakı karyerasının sonunadək onun oyunundan zövq ala bilmədik”.

Sabiq prezidentin sözlərinə görə, Messinin komandanı tərk etməsi kluba təkcə idman baxımından deyil, həm də iqtisadi və kommersiya cəhətdən çox ağır zərbə vurub:

“Onun gedişi mənə görə tarixi bir səhv idi. Son illərdə qarşılaşdığımız maliyyə problemləri, sponsorluq gəlirlərinin azalması qismən də olsa onun kimi nəhəng bir fiqurun yoxluğundan qaynaqlanır. Messinin gedişindən sonra PSJ və “İnter Mayami”nin gəlirlərinə, marketinq göstəricilərinə baxmaq kifayətdir ki, hər şey bəlli olsun. O, sadəcə bir futbolçudan daha çox şey ifadə edir”.

Xatırladaq ki, argentinalı ulduz 2021-ci ildə “Barselona”dan PSJ-yə transfer olmuşdu.