“Müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” qanun layihəsində uşaq hüquqları üzrə dövlət təminatlarının daha aydın və sistemli formada təsbit olunması, xüsusilə çətin həyat şəraitində olan uşaqlarla bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi müsbət addımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Layihədə baxımsız, kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqlarının qorunması və sosial reabilitasiya məsələləri əksini tapır. Hesab edirəm ki, bu maddədə nəzərdə tutulan müdafiə mexanizmləri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq öhdəlikləri, monitorinq və qiymətləndirmə mexanizmləri də normativ şəkildə daha dəqiq müəyyən edilməlidir. Xüsusilə sosial reabilitasiya tədbirlərinin icrasına dair dövri hesabatların hazırlanması və nəticəyönümlü qiymətləndirmə mexanizminin tətbiqi qanunun praktik effektivliyini artırır”, - deputat qeyd edib.
Millət vəkili bildirib ki, ikinci təklifi çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır:
“Hesab edirəm ki, layihəyə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair konkret müddəalar da əlavə edilməlidir.
- Zorakılıq, aqressiya və asılılıq yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması;
- Valideyn nəzarəti alətlərinin təşviqi;
- Təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi;
- Oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini tapmalıdır.
Bu gün uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən qaynaqlanır. Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunması yalnız sosial müdafiə mezanizmləri ilə deyil, eyni zamanda texnoloji təhlükəsizlik siyasəti ilə bağlıdır. Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı addımlar atmalıyıq”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər