“Planetin ən gözəl qadınından boşandım, çünki ehtirasımızı itirdik”

planetin-en-gozel-qadinindan-bosandim-cunki-ehtirasimizi-itirdik
Oxunma sayı: 1226

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiolanın İngiltərə klubundakı son iki mövsümündən bəhs edən yeni “Gözəl aludəçilik” (A Beautiful Obsession) sənədli filmində komandanın soyunub-geyinmə otağından diqqətçəkən və səmimi kadrlar yer alıb.

“Qafqazinfo” “The Sun”a istinadla xəbər verir ki, kadrlardan biri 2024-cü ilin dekabrında Çempionlar Liqasının əsas mərhələsində “Yuventus”a qarşı keçirilən və “şəhərlilər”in 0:2 hesabı ilə məğlub olduğu oyuna təsadüf edir.

Həmin matç zamanı Qvardiola futbolçularına təsirli müraciət edərək həyat yoldaşından boşandığını etiraf edib və bunu futbola olan ehtirası ilə əlaqələndirib:

“Uşaqlar, sizə bir şeyi etiraf etmək istəyirəm. Mən planetin ən gözəl qadınından boşandım. O mənim keçmiş həyat yoldaşımdır. Mən onu inanılmaz dərəcədə çox sevirəm, amma biz ehtirasımızı itirdik.

Bəs siz necə futbol oynayırsınız? Sadəcə oynayırsınız, yoxsa daxilinizdə nə isə var? Ehtiras nədir? Həyatda nə edirsinizsə edin, bunu ehtirasla edin. Mənə sadəcə yaxşı futbolçular lazım deyil, mənə ehtiraslı futbolçular lazımdır”.

Xatırladaq ki, təcrübəli mütəxəssis 2016-cı ildən baş məşqçisi olduğu “Mançester Siti”dən 2025/26 mövsümünün başa çatması ilə ayrılıb.