“Qarabağ” Çempionlar Liqası səviyyəsindədir” - Frimponq

qarabag-cempionlar-liqasi-seviyyesindedir
Oxunma sayı: 798

“Liverpul”un futbolçusu Ceremi Frimponq UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı sabah keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün təşkil olunan mətbuat konfransında əvvəlcə Almaniyadan – “Bayer”dən İngiltərəyə qayıtmağının və “Liverpul”da oynamağın üstünlüyünü şərh edib:

“Özümü burada çox yaxşı hiss edirəm. Mən Mançesterdənəm, Böyük Britaniyaya qayıtmaq çox xoşdur və belə bir komandada, “Liverpul”da oynamaq imtiyazdır. Hər kəs Çempionlar Liqasında oynamaq istəyir. Biz əlimizdən gələni edəcəyik. Bəzən futbol istədiyimiz kimi gedir, bəzən isə yox. Hər oyunda əlimizdən gələni edirik, amma bəzən alınmır. Çempionlar Liqasında yaxşı vəziyyətdəyik. Sabah qalib gəlsək, 1/8 finala yüksələcəyik”.

Ötən həftə Premyer Liqada “Bornmut”a məğlubiyyəti (2:3) xatırlayan Frimponq deyib:

“Belə hallar çox əsəbi olur, xüsusilə son dəqiqədə qol buraxanda. Amma növbəti gün qarşıdakı oyuna köklənməyə başlayırıq. Mənim və komandamın diqqəti indi “Qarabağ”la oyundadır”.

“Bayer” Leverkuzendə oynayan zamanı “Qarabağ”la qarşılaşmaları xatırlayan futbolçu bunları bildirib:

“Bu, gərgin oyunlar idi. Rəqib hesabda 2:0 və ya 3:0 bizdən üstün gedirdi, amma geri dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduğunu bilirəm. “Qarabağ” həqiqətən Çempionlar Liqası səviyyəsindədir. Bu, asan matç olmayacaq. Hazırlıqlı olmalıyıq”.