“Son illər xidmətin icraatına daxil olan sənədlər açıq mənbələrdə məhkəmə sisteminin aktlarının sayından göründüyü kimi, ötən il 400 minə yaxın olub. Bu göstərici əvvəlki illərlə müqayisədə 80 min iş və ya 25 % çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Kimsə məsələni sosial-iqtisadi durum, mental dəyərlər, istehlakçı davranışları, ictimai dəbin və digər faktorların üzərində axtara bilər. Lakin nəticə dəyişmir-borculunun sabit gəliri, tutuma yönəldilə biləcək əmlakı olmayanda işlərin icrası mümkünsüz olur, borclular barəsində məsuliyyət tədbirlərinin icrasına da yol verilmir. Belə işlərin çəkisinin artması isə icra göstəricilərinə mənfi təsir göstərir. Ona görə də dövlət orqanları banklarla geniş müzakirələr apara bilər ki, nə üçün belə yüksək faizlərlə və qaytarılması öncədən mümkünsüz görünən milyonlarla manat vəsaitin vətəndaşların üzərinə yüklənməsinə gedirlər”.
Deputat bildirib ki, devalvasiya nəticəsində məbləği 1 milyard manatdan yuxarı olan problemli kreditlərin qaytarılması üçün Prezident tərəfindən müvafiq tədbirlər görülüb, külli miqdarda vəsaitlər borcların qapadılmasına yönəldilib və indiki 400 milyon manatlıq səviyyəyə endirilməsinə gətirib çıxarıb: “Lakin iqtisadi-sahibkarlıq mühitimiz üçün sözügedən rəqəmin özü də ağır problemdir. Müqayisə üçün qeyd edək ki, təminatlı kreditlərdə icra olunmayan işlərin sayı 20 mindən azdır. İşlərin kəskin artımı icra məmurlarının iş yükünü kritik həddə çatdırır. Bir icra məmuruna düşən işlərin sayı il ərzində 3000-ə yaxın olur. Lakin rəqəmlərin orta göstəricisi dəqiq mənzərə deyil, çünki ayrı-ayrı icra orqanlarında həllini gözləyən qərarların sayı qat-qat çoxdur. İcra olunmayan qərarların mühüm bir hissəsini inzibati məsələlər təşkil edir. Əgər dövlət orqanlarının hərəkət və hərəkətsizliyi məhkəmə sistemini, nəticədə icra institutunun yükünü hədsiz artırırsa, onda birinci növbədə problem kökündə-bazisində həll edilməlidir”.
Z.Oruc əlavə edib ki, özəl icra təsisatını qurmaq da dövlətin səlahiyyətlərinin çox asanlıqla digər qurumlara verilməsindən çox, onun effektiv olacağına və iqtisadi əsaslandırılmasına ehtiyacı göstərir: “Belə ki, Qazaxıstan nümunəsi heç də uğurlu olmayıb. Lakin icra institutuna kömək göstərmək üçün bir sıra tədbirləri nazirlik həyata keçirir və onları alqışlayırıq. Əvvəlki illərdə borclunun əmlakının hərraca çıxarılması ilə onun qiymətinin 40 faizdən çox azaldılması nəticəsində tələbkarlar tərəfindən alınması təcrübəsinə son qoyulması üçün yeni modelin tətbiqi və portalın yaradılması müsbət hadisədir. Hərracların elektron qaydada keçirilməsi əvvəlki illərdə heç vaxt özünü göstərməyən rəqabətli mühitə səbəb olub, əmlakların daha yuxarı qiymətlərə satılmasına şərait yaradıb. İnanırıq ki, hazırkı dəyişikliklər icra institutunun fəaliyyətinə kömək edəcək, məhkəmə qərarlarının icrası sahəsində mühüm dəyişikliklərə yol açacaq, dövlət-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasında önəmli rol oynayacaq”.
Nuranə Daxilqızı