“EduHack 2025: Innovating the Future of Learning” hakatonuna start verilib

eduhack-2025-innovating-the-future-of-learning-hakatonuna-start-verilib
Oxunma sayı: 1349

Bu gün Bakı Avrasiya Universiteti (BAAU), Azərbaycan Respublikasının Gənclər Fondu, Niğde Ömer Halisdemir Universiteti (NOHU), Məlhəm Beynəlxalq Hospitalının, Azərbaycan Tələbə Gənclər Təşkiatları İttifaqı (ATGTİ) və Türkiyə-Azərbaycan Universiteti (TAU) birgə təşkilatçılığı ilə "EduHack 2025: Innovating the Future of Learning" hakatonu start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, Bakı Konqres Mərkəzində başlayan hakatonda Gənclər Fondu, ATGTİ və Məlhəm Hospitalın rəhbərliyi, BAAU, NOHU və TAU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak edib.

Tədbir Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqini BAAU-nun rektoru dos. Səyavuş Qasımov edib. O, tədbirin təşkilində tərəfdaşlıq edənlərə təşəkkürlərini bildirib və bu hakatonun tələbələrin öz bacarıq və səriştələrini göstərməsi üçün əhəmiyyətli bir platforma rolunu oynadığını vurğulayıb. Ənənəvi təhsil metodlarından innovativ təhsil metodlarına keçid istiqamətində gənclərdən parlaq ideyaların gələcəyini ümid etdiyini bildirən rektor Azərbaycanın 9 ali təhsil müəssisəsindən 12 komandanın hakatona iştirak hüququ qazandığını qeyd edərək iştirakçılara uğurlar arzulayıb.

Sonra, Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Gənclərə daim dövlətin xüsusi diqqət və qayğısının olduğunu bildirən Q.Xəlilov tərəfdaş olduqlarına görə hakatonun təşkilatçılarına təşəkkürünü bildirib. Təhsilin innovativ yöndə inkişafında gənclərin önəmli faktor olduğu diqqətə çatdırılaraq təşkil edilmiş hakatonun bu yöndə əhəmiyyətli olduğunu qeyd edib.

NOHU-nun rektoru prof. Dr. Hasan Uslu da çıxış edərək tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəyi bu cür tədbirlərdə iştirak etməkdən məmnun olduqlarını bildirib və Türkiyədə dövlət tərəfindən qəbul edilən innovativ layihələrin öncüsü olduqlarını vurğulayıb. Hakatonda iştirak edən komandalara öz layihələrini inkişaf etdirilməsi baxımından dəstəyin göstərilməsində hazır və maraqlı olduqlarını bildirib.

TAU-nun rektoru vəzifəsini icra edən prof. Vilayət Vəliyev çıxış edərək Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və bu hakatonun təşkilində qardaş ölkələrin nümayəndələrinn tərəfdaşlığını təqdirəlayiq bir addım olaraq qiymətləndirib. O, təhsil alanların bilik və bacarıqlarının innovativ yanaşmalarla inkişaf etdirilməsinin əhəmiyyətindən söhbət açan rektor TAU-nun çətir universitet funksiyasını icra edərək iki qardaş ölkə arasındakı rolu haqqında məlumat verib.