“Real Madrid”in gələcək baş məşqçisi Joze Mourinyo komandanın hücumçuları Vinisius Junior və Kilian Mbappe arasında effektiv əməkdaşlıq qurmalı olacaq.
“Qafqazinfo” “AS” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi forvardlardan hər hansı birinin satılmasını nəzərdən keçirmir.
Nəşr yazır ki, “Real” 2026-cı il dünya çempionatının startına qədər Vinisius ilə müqaviləni yeniləməyi planlaşdırır. Braziliyalı futbolçunun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər, Mbappenin müqaviləsi isə 2029-cu ilin ortalarına qədər qüvvədədir.
Xatırladaq ki, daha əvvəl Mbappenin klubdan Vinisiusun satılmasını tələb etdiyi barədə məlumatlar yayılmışdı. Jurnalist Fransua Qallardo qeyd etmişdi ki, Mbappenin anası Fayza Lamari artıq oxşar xahişlə “Real”ın prezidenti Florentino Perezə müraciət edib. İddialara görə, Vinisius komandada qalacağı təqdirdə Mbappe klubu tərk edəcək.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl – 2010-2013-cü illərdə də “Real”da çalışıb. Həmin dövrdə o, komandanı İspaniya çempionluğuna, ölkə kubokuna və superkubokuna daşımışdı. Hazırda isə Madrid klubunu Xabi Alonsonun istefasından sonra baş məşqçi postuna gətirilən Alvaro Arbeloa çalışdırır.
Son xəbərlər
Son Xəbərlər