Ronaldo qalmaqala səbəb oldu, meydandan qovuldu - Video

ronaldo-qalmaqala-sebeb-oldu-meydandan-qovuldu
Oxunma sayı: 3833

Ötən gün “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Əl-Hilal” ilə keçirilən oyunda meydandan qovulub. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb ulduz futbolçunun rəqibinə dirsəklə vurması olub. Nəticədə tərəflər arasında qalmaqal yaranıb. 

Belə ki, Ronaldo bu hərəkətinə görə qırmızı vərəqə alıb və meydanı tərk edib. Portuqaliyalı superulduz referinin qərarını istehza ilə alqışlayıb. 

“Əl-Nəsr”in baş məşqçisi Luiş Kaştru oyundan sonra keçirilən mətbuat konfransında sözügedən epizod haqqında danışıb: “Rəqib sifətinə vurulan zərbədən şikayətlənib. Mən təkrar epizoda baxdım. Futbolçunun üzünə hər hansı təmas olmayıb. Düşünürəm ki, hakim rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”.

“Əl-Hilal”ın baş məşqçisi Jorze Jezuş da Ronaldonun qırmızı vərəqə almasına münasibət bildirib: “O, dünyanın ən vacib oyunçularından biridir və çoxlarına nümunədir. Lakin uduzmağı sevmir. Ona görə də uduzanda başını və oyuna diqqətini itirir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.