Finlandiya Rusiya ilə sərhəddə 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb.
“Qafqazinfo” “Yle” teleradiosuna istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen bildirib.
“Finlandiya, Şengen zonasının üzv dövləti olaraq, xarici sərhədlərin təhlükəsizliyi üçün öz payına düşən məsuliyyəti dərk edir. Hasar sadəcə simvolik tikili deyil, Finlandiyanın sərhəd təhlükəsizliyinin praktik və zəruri hissəsidir”, - o deyib.
Rantanenin sözlərinə görə, şərq sərhədində maneə hasarının olması zəruridir, çünki Avropada təhlükəsizliklə bağlı vəziyyət ciddi şəkildə dəyişib. O, Rusiya ilə sərhəddə əlavə hasarlanma sahələrinin tikilməsinin lazım gələ biləcəyini istisna etməyib.
Qeyd edək ki, hasarın tikintisinə 2023-cü ilin martından başlanılıb. Ümumilikdə, Rusiya ilə Finlandiya arasında uzunluğu 1300 kilometrə çatan quru sərhəddə texniki müşahidə sistemləri və yol şəbəkəsi ilə təchiz edilmiş 4,4 metr hündürlüyündə 200 kilometr hasarlanma tikilib. Rəsmi Helsinki həmçinin üçüncü ölkələrdən olan miqrantların sərhədə kütləvi buraxılmasını əsas gətirərək 2023-cü ildən etibarən Rusiya ilə sərhəddəki bütün səkkiz sərnişin keçid məntəqəsini bağlayıb.
Son xəbərlər
Son Xəbərlər