Şamaxı Rayon İcra Hakimiyyətinin, Sosial Tədqiqatlar Mərkəzinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” elmi-praktik konfrans və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının III cildinin təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub. Həmçinin filialın kitabxanasına Qərbi Azərbaycan tarixi və mədəni irsinə dair kitablar hədiyyə edilib.
Tədbiri açan filialın direktoru dosent Tünzalə Yusifova Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşündəki çıxışının, eyni zamanda, elm adamları və tədqiqat mərkəzlərinə ünvanlanmış bir tapşırıq olduğunu bildirib. Filialın direktoru qeyd edib ki, Prezidentin qarşıya qoyduğu yeni milli hədəfi həyata keçirmək istiqamətində fəaliyyətə cəmiyyətin bütün təbəqələrinin qoşulması nəticəsində Qərbi Azərbaycan məsələsinin siyasi, elmi, tarixi və strateji baxımdan tədqiq və təbliği ümummilli məsələyə çevrilib.
Şamaxı RİH başçısının müavini Mehriban Eyubova qeyd edib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti Azərbaycanın tarixi torpaqlarına olan bağlılığını bir daha gücləndirir. Qərbi Azərbaycana qayıdışla bağlı görülən işlər, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və tarixi haqlarını müdafiə etmək, bu prosesin hüquqi və beynəlxalq müstəvidə dəstəklənməsi çox önəmlidir. Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir, bu da xalqın kimliyini və tarixini yaşatma baxımından müsbət addımdır. Bugünkü tədbir isə əzəli torpaqlarımızın tarixi və mədəni irsini bərpa etmək məsələlərinə bir daha elmi baxış sərgilədi.
Sonra çıxış edən Sosioloji elmlər doktoru Əfqan Vəliyev bildirib ki, “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı elmi-tədqiqat əsərində İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və maddi-mədəni irsi araşdırılıb. Digər iki cilddə olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanan bu əsər təkcə indiki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsinin miqyasını, statistikasını göstərməyə hesablanmayıb, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri, onların pasportunu ortaya çıxarmağa, milli tariximizin yaddaşını yenidən bərpa etməyə cəhd olunub.
III cilddə ilk dəfə 20 kateqoriya üzrə Qərbi Azərbaycanda azərbaycanlılara məxsus olan 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 12 qəbirüstü abidə, 7 qəbirüstü sənduqə abidə, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, 2 sərdabə, 3 etnoqrafik-arxeoloji abidə, 10 qəbirüstü heykəl, 4 arxeoloji abidə, 2 körpü, 5 daşüstü kitabə, 2 mədrəsə, 2 dini məktəb, 2 məhəllə, 14 qayaüstü təsvir və qədim yaşayış məskənləri və 4 bazilikanı əhatə edən 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verilib. Bunlardan 32 abidə dağıdılıb, 42 abidə xaraba qalıb, 70 abidə isə mənimsənilib.
Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov çıxışında Qərbi Azərbaycan torpaqlarına qayıdışın tarixi köklərinə nəzər salıb.
Sonda Şamaxıda məskunlaşan Qərbi azərbaycanlı İsmət Yusubov və Rahib Qasımov çıxış edərək Qərbi Azərbaycana qayıdış istiqamətində ölkədə aparılan işlər, gənclərin maarifləndirilməsini yüksək qiymətləndiriblər.