Saxlanıldığı deyilən birinci müavindən - Açıqlama - Yenilənib

saxlanildigi-deyilen-birinci-muavinden
Oxunma sayı: 16359

Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin məlumatda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədovun saxlanıldığı deyilir. 

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Saxlanıldığı deyilən icra başçısının birinci müavini Səməd Tomuyev İcra Hakimiyyətində əməliyyat keçirilməsi xəbərini təkzib edib: “Mən işimin başındayam. Təəssüf ki, bəzi informasiya saytlarında həqiqəti əks etdirməyən məlumatlar yer alıb. Bu məlumatlar yalandır”.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da məsələyə münasibət bildirib. Gununsesi.info-ya açıqlamasında başçı bunları deyib: “Mənim müavinim Səməd müəllim hazırda yanımdadır. Nə onun, nə də icra hakimiyyətinin digər vəzifəli şəxslərinin həbsi barədə yazılanlar həqiqəti əks etdirir”.

***

Baş Prokurorluq da Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərlə əlaqədar məlumat yayıb: “Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş  məlumatların ictimailəşdirilməsini xahiş edirik.

Bununla bağlı tərəfimizdən əlavə məlumatın verilməsi təmin ediləcək”.