“Sülh bizim üçün artıq hiss olunan məfhumdur” - Prezident

sulh-bizim-ucun-artiq-hiss-olunan-mefhumdur
Oxunma sayı: 235

“Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata bəyanatında deyib.

Prezident bildirib ki, Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb.

“Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır.

Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik.

Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk”, - deyə İlham Əliyev vurğulayıb.