“Süni intellektin geniş tətbiqi üçün yalnız texnoloji imkanların deyil, həm də aydın qaydaların mövcudluğu vacibdir. Bu səbəbdən 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində hüquqi və normativ bazanın formalaşdırılması xüsusi istiqamət kimi müəyyən edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda süni intellekt tətbiqlərində şəffaflığın, məlumatların məxfiliyinin və etik prinsiplərin qorunmasını təmin edən mexanizmlərin yaradılması üzərində iş aparılır: “Məqsəd dövlət və özəl sektorda süni intellektdən istifadə zamanı vahid yanaşmanın formalaşdırılmasıdır.
Bu istiqamətdə artıq konkret nəticələr də mövcuddur. Süni intellekt üzrə 8 milli dövlət standartı beynəlxalq standartlara uyğun hazırlanaraq təsdiq edilib, onlardan 4-ü 2025-ci ildə qəbul olunub. Həmin standartlar tətbiqlərin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizliyin təmin edilməsinə və dövlət qurumlarında vahid metodologiyanın tətbiqinə xidmət edir.
Eyni zamanda süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi, risklərin qiymətləndirilməsi və məsuliyyətli istifadə ilə bağlı normativ mexanizmlərin hazırlanması davam etdirilir”.
Son xəbərlər
Son Xəbərlər