“Şuşadakı həmin güllü paltarlı qız sonradan 5 qızımın anası oldu” - Video

“Şuşadakı həmin güllü paltarlı qız sonradan 5 qızımın anası oldu”
Oxunma sayı: 11454

Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli 2 gün sonra 80 yaşını qeyd edəcək. “Qafqazinfo” onunla yubileyi ərəfəsində həmsöhbət olub: 

- Şirməmməd Hüseynovdan sonra Azərbaycan jurnalistikasının ağsaqqalı sayılırsınız. Bu məsuliyyəti daşımaq çətindirmi?

- Çox çətindir. Özümün onu deməyə cəsarətim çatmaz, çox təşəkkür edirəm ki, tanıdığım adamlar, tələbələrim bunu deyir. Şirməmməd Hüseynov o qədər məsuliyyətli vətəndaş idi ki... Jurnalistikanın elmi məktəbinin, praktik məktəbinin, müəllimlik məktəbinin müəllifi idi. Şirməmməd müəllimin mənim haqqımda bir məqaləsi var. O hər adam haqqında yazı yazmayıb. Mənimlə bağlı yazının sərlövhəsi belə idi: “İnformasiyalı cəmiyyətin informasiyalı alimi”. Orada mənimlə bağlı “ustad” sözü də işlədib. Həyatımın ən böyük mənası Şirməmməd müəllimin mənə “ustad” deməsidir. Çünki ondan bu epiteti almışamsa, bu, həyatımın fəxr ediləsi anıdır.

- Bu günlərdə 80 yaşınız tamam olur. 80 illik təcrübədən baxanda Azərbaycan jurnalistikasının vəziyyəti necə görünür?

- Allah mənə elə bir ömür verdi ki, bütün mərhələləri görə-görə gəldim. Azərbaycan jurnalistikasının klassik hissəsi – Zərdabidən başlamış, xüsusilə 20-ci ilə qədər olan -  Məhəmmədəmin dövrü, Ü. Hacıbəyov dövrü, Mirzə Cəlil dövrü... Onlar bizə elə bir irs qoyub getdilər ki, o irsi davam etdirməmək günah olardı. Bəzən deyirlər Sovet jurnalistikası başdan-ayağa ideoloji məna daşıyır. Doğrudur, amma Sovet jurnalistikası dövründə Zərdabinin, Axundzadənin qoyduğu dil məktəbi Azərbaycan ədəbi dilinin mətbuat üslubunu çox gözəl formalaşdırdı. 

Müstəqillik dövrü jurnalistikamız isə tamam başqa idi. 90-cı illərin əvvəllərinə qədər deyə bilmədiyimiz, senzuranın imkan vermədiyi problemləri bu dövrdə dilə gətirə bilirdik. Müstəqillikdən sonra Milli Məclisdə birinci dəfə qəbul olunan qanun KİV haqqında qanundur. Çünki müstəqilliyə gedən yolda demokratik qayda-qanunlar olmasa, demokratik mətbuat olmasa, demokratik dövlət qurmaq çətin olar. İndi də biz KİV haqqında qanunu “Media haqqında” qanuna çevirmişik. Bu qanun jurnalistikamızın daha sürəltli, daha demokratik qaydalarla idarə olunmasına çox böyük kömək göstərəcək. 

- Elə söz düşmüşkən, media haqqında son qanunun qəbulu birmənalı qarşılanmadı, bəzi tənqidlərin şahidi olduq. Bu qanunun mətbuatın vəziyyətini pisləşdirəcəyini düşünənlər var. 

- Mən hələ hansısa qanunun bu qədər ciddi müzakirələrə səbəb olduğunu görməmişdim. Bu o deməkdir ki, cəmiyyət, xalq KİV-in fəaliyyətini çox ciddi diqqətdə saxlayır. Çünki mətbuat 4-cü hakimiyyət kimi elə bir nəzarət formatıdır ki, o nəzarətdən heç kim imtina edə bilməz. Qanunun müzakirəsi ona görə bu qədər əhatəli oldu ki, heç kim deməsin, mən o müzakirədə iştirak etmədim. Mən də o müzakirələri diqqətlə izlədim. Bəzi tənqidi məqamlar var idi, onlar da düzəldi, Medianın İnkişafı Agentliyi bunları nəzərə alıb qanunu Milli Məclisə təqdim elədi. 

Narazı qalanlar o adamlardır ki, istəyirlər sosial şəbəkələrə heç bir müdaxilə olmasın. İnternet dünyası dünyanın ən ideal, azad mətbuatı hesab oluna bilər. Amma orada Azərbaycanın əleyhinə qarayaxmalar olarsa, qələbəmizi alçaldanlar olarsa, bunlara qarşı ciddi mübarizə də lazımdır. Mənə elə gəlir ki, internet televiziyaları başdan-ayağa sərbəst buraxmaq da əslində sonra bizə ziyan verən fikirləri ortaya qoyur. Azərbaycan bu gün yeni reallıqlar yaradıb. Hər kəs bu reallıqlara öz vətəndaşlıq borcu ilə yanaşmalıdır. Biz əvvəlcə azərbaycanlıyıq, sonra jurnalistik. Çünki indiki reallıqlar bizi buna çağırır.

- Bir müsahibənizdə belə bir fikrinizə rast gəlmişdim, demişdiniz ki, "yazıya pozu yoxdur" deyimi indi öz dəqiqliyini itirib, çünki internet sübut elədi ki, yazıya da pozu var. Burda nəyi nəzərdə tutursuz, saytdan yazı çıxarmağı?

- Burada əsas məsələ odur ki, feyk xəbərlər, təhqiramiz sözlər sosial şəbəkələrdə özünü göstərir. Heç də hamısı hansısa xəbərin yalan olduğunu bilmir və ictimai rəyə çatdırılandan sonra görürlər ki, səhv ediblər və onu pozurlar. Məlum olur ki, yazılanları pozmaq olar. Klassik mətbuatda isə bunu pozmaq mümkün deyil. Yazıldı, çap olundu, getdi ictimaiyyətə. Atalar bu ifadəni min illər bundan qabaq yaradıblar, mən onu bu mənada, bir az zarafatla mətbuata aid eləmişdim.

- Mətbuatda qeyri-peşəkarcasına yazılmış, qərəzli materaiallar tez-tez gözə dəyir. Bəzən hansısa azyaşlı ilə bağlı faciə baş verəndə uşağı danışdırıb reytinq xatirinə üzünü də göstərirlər. Mətbuatdakı bu hallar təbiidirmi, yoxsa nəsə etmək lazımdır?

- Əlbəttə bu proseslər elə qəzetlər var ki, hətta orada da özünü göstərir. Amma qeyri-peşəkarlar daha çox internet jurnalistikasında, sosial şəbəkələrdə çoxdur. Azərbaycanda elə saytlar var ki, ən obyektiv və informasiyanı ən tez çatdırmaq mənasında bizim əlimizdən tuturlar. 

İnternet sahəsində dinamika özünü göstərir və maraqlıdır. Amma maraqlı olduğu qədər də klassik mətbuat öz yerini elektron jurnalistikaya verməyə başlayır. Jurnalistlərimiz çox ehtiyatlı olmalıdırlar, səhv eləməməlidirlər. Bizim söz və mətbuat azadlığı haqqında qanunumuz var, mən onların ünvanına heç nə demək istəmirəm. Amma savadlı, peşə etikasına son dərəcə əməl edən adamlar işə götürülməlidir. Bəzən olur ki, onların içərisində qeyri-səmililəri, savad baxımından aşağı səviyyəliləri də olur. Qanunla bunun qarşısını almaq mümkün deyil, internet dünyası bayaq dediyim kimi, ən ideal azad söz dünyasıdır.

Azərbaycan cəmiyyəti elektron jurnalistikaya tam mənası ilə öyrəşməyib deyə ora maraq da çoxdur, orada səhvlər də çoxdur. Yaxın gələcəkdə Azərbaycan internet jurnalistikası, sosial şəbəkə jurmnalistikası bizim əsl əvvəlki qəzet jurnalistikasında olan peşə etikasına əməl edəcək.

- Belə deyirlər ki, indiki mətbuat qazanda nəyin bişməsinə baxmır, sadəcə iyini hiss edir və hiss etdiyinə uyğun şərh verir. 

- Bu da dövrün tələbidir, faktıdır. Ona görə ki, milli qəzetimiz “Əkinçi”də Zərdabi deyirdi ki, ünvanı olmayan, dəqiqləşdirilməmiş məlumatı səhifəmizə çıxarmırıq. Haçansa hamı gəlib ona çıxacaq. Bu proses gedir və mən ona əlimin içi kimi inanıram.   

- Doğrudur, bu çox müzakirə olunmuş mövzudur, amma sizin bu suala cavabınız də maraqlıdır. Çap mediası tamamailə sıradan çıxa bilərmi? Ola bilərmi klassik jurnalistikanı sosial media, vətəndaş jurnalistikası əvəzləsin?

- Bu proses gedir. Amma klassik qəzet jurnalistikası, mətbuat öləziməkdədirmi? Bu sual hamımızı qorxudur. Bəzi qəzetlər var ki, bunların sıradan çıxması yaşlı nəsil üçün faciəyə gətirib çıxara bilər. “Vaşinqton Post” 6 il bundan əvvəl elan elədi ki, bir ildən sonra tamamilə elektron varianta keçəcək. Artıq 7-ci ilə keçir, amma hələ də keçə bilmirlər. Çünki gördülər ki, elektron variantın əvvəlki qədər oxucusu yoxdur. Bu mənada analitik jurnalistika nə qədər varsa, qəzet jurnalistikası da olacaq. 

Qəzet dünyasının sıradan çıxması mənim 80 yaşıma düşür. İçimdə belə arzu var ki, mən bu dünyadan gedincə qəzet dünyadan getməsin. Çünki o qədər qəzetə bağlı adamam. Mənim kimi dünyada milyardlarla insan var. Əgər “Vaşinqton Post” keçə bilmədisə, deməli proses hələ gedəcək. Amma vətəndaş jurnalistikasında olan səhvlər də bir az onlayn medianı oxucudan uzaqlaşdıra bilir. Qəzet jurnalistikası elə yeniliklər tapmalı, elə formatlar qoymalıdır ki, oxucu ondan uzaqlaşmasın.  

- İşğaldan azad olunan torpaqlara səfərlər təşkil olunur, ictimai şəxslər, media nümayəndələri həmin ərazilərə aparılır. Siz də getmisinizmi?

- Mən o torpaqlara içimdə az qala hər gün səfər edirəm. Müharibə günləri hər axşam Prezidentimizin elanını gözləmişəm. O hər dəfə elan verəndə ki, filan rayon, şəhər alındı, həmin  axşam elə bil 5 yaş cavanlaşırdım. Belə deyirlər ki, dərdi çəkən bilər. Mən o dərdi çəkənlərdənəm. Mənim kəndim tapdaq altında idi. Məndə erməni xislətinə elə bir nifrət yaranıb ki, onları heç vaxt bağışlamayacağam. Çünki onlar mənim kəndimi işğal ediblər. O kənd ki, orada Xudu Məmmədov, Rafiq Əliyev kimi alim, Əli Əmirli kimi yazıçı yetişib. Məktəbimin daşı-daş üstündə qalmayıb. Bütün bunlarla belə biz o kəndə qayıdacağıq. Ağdam dünyada ən yaxşı şəhərlər sırasında olacaq. Mən ora yaşamağa qayıdacağam. Yaşımın o vaxtıdır ki, oturub yazı-pozu ilə məşğul olam. Mən istəyirəm oturub o kənddə yazıb-pozam. Ömrümün sonunu orada keçirəm. 

- Sonuncu dəfə nə vaxt olmuşdunuz doğma Novruzlu kəndində?

- Ermənilər o kəndə yaxınlaşanda mən maşınla kəndə getdim. Adamlar yığışmışdı, kiminsə əlində ov tüfəngi var idi, qalanlar çomaqla, odunla silahlanmışdılar. Mən gecə kəndə girdim, kəndin camaatı kəndi qoruyurdu. Mənim gəlişim elə bil onlara dünyanın ən böyük hədiyyəsi idi. Onları bağrıma basdım. Getdim həyətimizdəki gilas ağacına baxdım, insanlarla görüşdüm. Mənə yalvardılar ki, sən çıx get və dedilər ki, qayıdanda maşının işığını yandırma. Belə bir gecədə oradan ayrılmışam. Amma mən günəş işığı ilə ora qayıdacağam. Maşınımın ən gur işıqları ilə ora qayıdacağam. Kəndimizin o adamlarından heç vaxt ayrılmamışam. Mənim dünyada ən əziz yerim Novruzlu kəndidir. 

- Divardakı həyat yoldaşınızın şəklidir?

- Hə, odur. 

- Onunla da həmin kənddə tanış olmuşdunuz?

- Yox, həyat yoldaşımla tanışlığımızın ən böyük məzmunu, mənası onunla Şuşada tanış olmağımdır. 1966-cı il idi, mən o vaxt 3-cü kursda idim. Şuşaya “Şuşa” qəzetində təcrübə keçmək üçün getmişdim. Pioner düşərgəsində pioner dəstə rəhbəri işləyirdim. Bir gün məktəbin yanında üstündə “Ağdam” yazılmış köhnə avtobus dayandı. Avtobusdan qızlar tökülüb düşdülər. Onların içərisində güllü paltarlı qız var idi. Sonra o mənim 5 qızımın anası oldu. O, Ağdamda oxuyurdu və məktəbdən Şuşaya gəzməyə gəlmişdilər. Gəzinti zamanı onların yanında oldum. Gördüm dünyanın ən sakit və ən savadlı adamıdır. O da gəldi filologiya fakültəsini bitirdi. Uzun müddət orta məktəbdə müəllim işlədi. Bizim ən əziz xatirələrimizdən biri Şuşada tanış olmağımızdır. 2012-ci ildə rəhmətə getdi…

- Ailədə davamçılarınız varmı?

- Var, mənim iki qızım jurnalistdir. İkisi uzun müddət İctimai Televiziyada işləyiblər. Aytəkin qızım televiziyadan ayrıldı, digər qızım Aysel Məmmədli isə İTV-də xəbər aparıcısıdır. İndi balaca nəvəmə görə işə getmir. Yəqin bir neçə aydan sonra yenidən işə qayıdacaq. Bu iki qızım məni praktikada əvəz edirlər. 

- Razısınızmı onların işindən?

- Çox razıyam. Hər ikisinin səsi xəbər aparıcı səsinə çox uyğundur. Ona görə televiziyada onlara hörmət edirlər. 

- Ən çox istinad etdiyiniz, haqqında danışdığınız Mir Şahin olub. Sizcə, onun özəlliyi nə ilə bağlıdır?

- Mir Şahin – Real televiziya indi Azərbaycanda informasiya televiziyasıdır. Bəzən deyirlər jurnalistika ideologiyadan uzaq olmalıdır, amma Azərbaycan mühitində bunu demək, mənə elə gəlir ki, düzgün olmazdı. Çünki bu gün Azərbaycan elə vəziyyətdədir ki, Ermənistan orada revanşist hərəkətləri ilə ortaya çıxır. Hansısa dövlət bizi bəyənmir. Lap açıq desək, Fransanın bizim əleyhimizə dəfələrlə fikirlər səsləndirməsi ilə faktlar var. Belə bir şəraitdə Azərbaycan mühitində Real Televiziya kimi bir televiziya olmalıdır ki, əsas gerçəklikləri ortaya qoysun, vətənpərvərliyi ucaltsın. Bu mənada “Mir Şahinin vaxtı” verilişi mənim çox xoşuma gəlir. Həftənin bütün problemlərini özünün yaratdığı verilişində ortaya qoyur. O veriliş öz mahiyyəti etibarilə bizim bugünkü reallıqlarımızı son dərəcə ifadə edir. 

- Müsahibələrinizdə adətən hər kəs haqqında yaxşı şeylər danışırsınız, elə bil hamının ancaq yaxşı tərəflərini görürsünüz, yoxsa tənqidi sevmirsiniz?

- Mən evdə də beləyəm, öz uşaqlarımı tərifləyə-tərifləyə böyütmüşəm. Ən böyük danlağım o olub ki, “səndən küsərəm”. Onu da mənim dostlarım, qohumlarım bilir ki, ürəyim necə istəyibsə, elə də böyüyüblər. O mənada jurnalistlərimiz də əksəriyyəti bizim fakültəni bitirmiş məzunlardır. Mən onların timsalında yaxşı jurnalistikanı ortaya qoyuram. Mənə elə gəlir ki, yaxşını görəndən sonra pislər də ona oxşamağa çalışırlar. Yəqin buna görədir.

- Əvvəllər hüquqa və digər fakültələrə balı çatmayanlar jurnalistikaya qəbul olunurdu. Bunun qarşısını almaq üçün qabiliyyət imtahanı tətbiq olundu. Lakin jurnalistika fakültəsinin keçid balları son illər aşağı düşüb. Jurnalistikaya müraciət edənlərin səviyyəsi, bu sahəyə həvəsi qane edirmi sizi?

- Doğrudan da, təxminən 10 il əvvəl jurnalistikaya qəbul müsabiqəsində o qədər abituriyent iştirak edirdi ki, bəzən hüquqdan qabağa keçirdi. Olsa-olsa hüquq fakültəsi bizi qabaqlayırdı. Çox insan jurnalistikaya gəlmək istəyirdi. Elə olurdu ki, 300-400 nəfər arasından 50-100 nəfər seçilirdi. Qabiliyyət imtahanı ortaya çıxandan sonra ikili bal əmələ gəldi. Abituriyentlər fikirləşirlər ki, bu ikisi birləşəndə fakültəyə düşmək olar. Ona görə də təsadüfi adamlar jurnalistikaya düşmürlər. Bu gün jurnalistikaya düşən tələbələrin böyük əksəriyyətinin yazı qabiliyyəti var. Bu, çox vacib keyfiyyətdir. Mənim onlardan narazılığım yoxdur. İkinci kurs tələbələrim var, onların 90 faizinin yazmaq istedadı var. Mənim telefonuma gündə 15-20 yazı göndərirlər. Onların çoxu sabahın savadlı jurnalistləridir. 

- Hazırkı mətbuatı izləyirsiniz. Jurnalistikanın ən çox hansı prinsipləri pozulur?

- Əslində jurnalistikada dediyiniz prinsiplər müntəzəm pozulan yerdə qəzet də, digər mətbuat orqanı da öz keyfiyyətini itirir. Mən istəyərdim ki, maarifçilik işi birinci yerə çıxsın. Bəzən reytinq qazanmaq üçün jurnalistikanın bütün tipoloji sahələrində sərlövhəyə elə şeylər çıxarırlar ki. Mənim yadımdadır, Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatını alanda çıxış elədi. Jurnalistikanı təriflədi, amma dedi bəzən sensasiyalar da yaradırsınız, yalançı sensasiyalarınız da olur.

Dedi ki, bilirəm sensasiya etməyəndə sizi oxuyan olmur, amma sensasiya özü də fakta söykənməlidir. Bu mənada Heydər Əliyevin o dərsini həmişə nəzərdə saxlamaq lazımdır. 

Gülnar Əliyeva

Foto-Video: Müzəffər İsmayılov