“Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirildi - Fotolar

heyder-eliyev-sosial-inkisaf-strategiyasinin-muellifidir-movzusunda-tedbir-kecirildi
Oxunma sayı: 265

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkil etdiyi tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, akademik Misir Mərdanov və b. iştirak ediblər.

Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan, mərkəzin benefisiarlarının Ulu Öndərə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Anar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.

Bildirib ki, Ulu Öndər vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib: “1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, möhtəşəm tarixi Zəfər qazanıb. Sosial sahədə də mühüm addımlar atılır və dövlətimizin başçısının tapşırıqları ilə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edilib.  

Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də xalqa, dövlətə xidmət məramına söykənir və Prezident cənab İlham Əliyevin Sədri olduğu Partiya ölkəmizin dinamik və hərtərəfli  inkişafı proseslərində böyük xidmətlər göstərir”.   

Tahir Budaqov isə bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə dərin sosial-iqtisadi böhranın aradan qaldırılmasına nail olub, iqtisadi sabitliyi təmin etməklə yanaşı, sosial sahədə əsaslı islahatların təməlini qoyub. 

Musa Quliyev müstəqil Azərbaycan dövlətinin sosial inkişaf strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin əhalinin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Daha sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifalarından ibarət inklüziv konsert proqramı təqdim olunub.