İntiqam Səfərəliyev azadlığa buraxıldı - Nazir oğlu etiraz etməmişdi

intiqam-sefereliyev-azadliga-buraxildi
Oxunma sayı: 2534

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun 12 milyon manatını ələ keçirməkdə ittiham olunan tanınmış iş adamı İntiqam Səfərəliyev həbsdən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə belə qərar çıxarıb.

Səfərəliyevin azad edilməsinə səbəb isə zərərçəkmiş Heydərovun qəfil fikrini dəyişməsi, təqsirləndirilən şəxsin həbsdən çıxmasına etiraz etmədiyi ilə bağlı ərizəsi olub.

Amma Heydərovun göndərdiyi eyni ərizədə ziyanın ödənilmədiyi yazılır. Vəkillər bunu və digər əsasları nəzərə alaraq, müttəhimin ev dustaqlığına buraxılmasını xahiş ediblər. 

Bundan əlavə, Tale Heydərov məhkəmənin qapalı keçirilməsi ilə bağlı müraciət edib. Onun nümayəndəsi vəsatəti işdə kommersiya sirləri olması və mətbuatda yazılar çıxması ilə əlaqələndirib. Amma bu vəsatəti prokuror, təqsirləndirilən və vəkilləri məhkəmənin mülahizəsinə buraxıblar. Onlar məhkəmənin qapalı keçirilməsi ilə bağlı tələb irəli sürməyiblər.

Kamil Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası yalnız ev dustaqlığı ilə bağlı vəsatəti təmin edib. İ.Səfərəliyev məhkəmə zalında həbsdən azad edilib.

Proses açıq  keçiriləcək.

Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl  Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

Sail Ağasəlim