Tapılan qalıqlar Birinci Qarabağ müharibəsindəki şəhidlərə aiddir - Video + Fotolar

tapilan-qaliqlar-birinci-qarabag-muharibesindeki-sehidlere-aiddir
Oxunma sayı: 8771

Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir.

Fərrux kəndində aşkarlanan qalıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir.

Qeyd etmək yerinə düşər ki, bu, insan qalıqlarının aşkarlandığı ilk ərazi deyil. Bundan əvvəl Kəlbəcərin Başlıbel kəndində erməni vandalizminin sübutu olan kütləvi məzarlıq aşkarlanmışdı.

Başlıbeldə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülmüşdü.

Bundan başqa, ötən ay Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.

Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin taleyi ilə bağlı məsələ daim ölkə rəhbərliyinin gündəmində olub. Belə ki, Prezident İlham Əliyev bir çox ali kürsülərdə bu məsələni qaldırıb.

Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı bildirib ki, Ermənistan itkin düşən şəxslərin taleyi ilə bağlı bizə məlumat verməlidir:

“Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb.

Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb”.

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də dövlət başçısının toxunduğu əsas məsələlərdən biri bu olub. Prezident Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi məsələsinə diqqət çəkib.