“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin (GDY) əməkdaşlarına təlim keçir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.
Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.
ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünəcək.
Qeyd edilib ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq. Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər