Hindistanda müxalifət lideri Nana Patolenin tərəfdarları tərəfindən ayaqlarının südlə yuyulması sosial mediada müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Maharaştra ştatında çəkilən görüntülərdə Patolenin stulda oturduğu, iki partiya işçisinin isə onun ayaqlarını südlə yuduğu görünür.
Mərasim zamanı dualar oxunub, siyasətçinin üzərinə gül ləçəkləri səpilib.
Qısa mərasimdən sonra Patolenin bu jesti qəbul etdiyi və tərəfdarlarına xeyir-dua verdiyi görüntülənib.
Görüntülərin yayılmasından sonra Nana Patole tənqidlərə münasibət bildirib.
O, belə bir davranışı normalda təsdiqləmədiyini deyib. Patolenin sözlərinə görə, videoda görünən şəxslər özündən yaşca kiçik partiya işçiləridir və o, onları ailə üzvləri kimi qəbul edir.
Mərasim hakim Bharatiya Janata Partiyasının (BJP) nümayəndələri tərəfindən də sərt tənqid olunub.
Maharaştra naziri Çandrashekhar Bavankule görüntüləri “şokedici” adlandırıb. O, partiya işçilərinin siyasi liderin ayaqları altında oturaraq onun ayaqlarını yumasını tənqid edib.
Bavankule həmçinin mərasim zamanı Patolenin telefonuna diqqət yetirməsinə toxunaraq, görüntülərin Konqres Partiyasında liderlə partiya işçiləri arasındakı münasibətlər barədə suallar yaratdığını bildirib.
Konqres Partiyasının adı açıqlanmayan nümayəndələrindən biri isə görüntülərin həqiqiliyi təsdiqlənəcəyi təqdirdə hadisənin “utancverici” olacağını və partiya rəhbərliyinin məsələni qiymətləndirəcəyini deyib.
Hadisə Hindistanda siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Sosial şəbəkələrdə yayılan görüntülərə münasibət birmənalı olmayıb.
Bəzi istifadəçilər mərasimi ənənəvi hörmət nümayişi kimi qiymətləndirsə də, digərləri siyasətçinin tərəfdarlarının bu hərəkətini qəbuledilməz davranış kimi dəyərləndirib.
Son xəbərlər
Son Xəbərlər