Qazaxıstanda rüşvət qalmaqalları - Tokayev vaxt qoydu

qazaxistanda-rusvet-qalmaqallari
Oxunma sayı: 300

Qazaxıstanda dövlət şirkətlərində korrupsiya risklərinin azaldılması ilə bağlı hökumətə və nəzarət qurumlarına konkret təkliflər hazırlamaq tapşırığı verilib. 

“Qafqazinfo” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının operativ müşavirəsində bildirib. 

O, müvafiq təkliflərin noyabrın 24-dək təqdim edilməli olduğunu qeyd edib.

Prezident bildirib ki, müxtəlifsəviyyəli rəhbərlərin mümkün korrupsiya əməlləri ilə bağlı daxil olan bütün məlumatlar Baş Prokurorluğun iştirakı ilə Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən operativ və hərtərəfli araşdırılacaq.

Dövlət başçısı bir neçə gün əvvəl rəhbərləri saxlanılan “Samruk-Kazına” Milli Rifah Fondunun, eləcə də “Qazaxıstan Dəmir Yolları” da daxil olmaqla digər dövlət şirkətlərinin fəaliyyətinin adi qaydada davam etdiyini vurğulayıb.

Tokayev qeyd edib ki, son hadisə dövlət şirkətlərində korrupsiya risklərinin hələ də ciddi problem olaraq qaldığını göstərir.

Bu səbəbdən hökumətə və nəzarət orqanlarına korrupsiya hallarının əhəmiyyətli dərəcədə azaldılması, kvazidövlət sektorunda fəaliyyət göstərən şirkətlərin və onların aparatlarının işinin səmərəliliyinin artırılması istiqamətində təkliflər hazırlamaq tapşırılıb.

Qeyd edək ki, noyabrın 11-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidmətinin əməkdaşları “Samruk-Kazına” fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovu və “Qazaxıstan Dəmir Yolları” şirkətinin rəhbəri Eljas Otınşiyevi saxlayıblar. Onlar və bir sıra digər şəxslər korrupsiyada şübhəli bilinirlər. Ehtimal olunan cinayətlərin konkret detalları, mümkün korrupsiya sxemi və saxlanılan şəxslərin hər birinin rolu barədə rəsmi məlumat hələlik açıqlanmayıb.