Trampa Putin nələrdən danışdılar? - Yenilənib

trampa-putin-nelerden-danisdilar
Oxunma sayı: 681

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə məlumat verib.

Kreml rəsmisinin sözlərinə görə, iki ölkə lideri gələcəkdə də daimi təmasda olmaq barədə razılığa gəliblər:

“Prezidentlər əlaqə saxlayacaqları barədə razılığa gəldilər və ehtiyac yarandıqca operativ şəkildə bir-birlərinə zəng edəcəklər”.

***

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub.

Təxminən bir saat davam edən söhbət zamanı liderlər Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva ilə Kiyevə səfərlərinin yekunlarını müsbət qiymətləndiriblər.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib ki, Putin ABŞ-nin Ukrayna münaqişəsinin həlli istiqamətindəki vasitəçilik səylərini yüksək dəyərləndirib:

“Qeyd olunan amerikalı nümayəndələrin səfərlərinin nəticələri müsbət qiymətləndirildi. Bu kanal üzrə, eləcə də digər istiqamətlərdə işlər davam etdiriləcək. Putin söhbət zamanı Rusiya qoşunlarının döyüş meydanında irəliləmə perspektivləri və xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunması barədə Trampa məlumat verib. Bununla yanaşı, Rusiya lideri Moskvanın Avropaya qarşı heç bir aqressiv planının olmadığına zəmanət verib. Öz növbəsində Tramp da Ukrayna böhranını prezidentlik müddəti başa çatana qədər tam həll etmək niyyətində olduğunu diqqətə çatdırıb”.

Qeyd edək ki, sentyabrın 5-də Stiv Uitkoff və Cared Kuşner Moskvada Vladimir Putinlə, sentyabrın 6-da isə Kiyevdə Volodimir Zelenski ilə görüşüblər. Danışıqlardan sonra amerikalı nümayəndələr mühüm irəliləyişlərin əldə olunduğunu və üçtərəfli danışıqların planlaşdırıldığını bəyan ediblər.