“Türkiyə bəşəriyyət və gələcək üçün bir ümiddir”

turkiye-beseriyyet-ve-gelecek-ucun-bir-umiddir
Oxunma sayı: 397

“Bəzi insanlar, bilərəkdən və ya bilməyərəkdən, Türkiyənin uçuşan güllələrə sinə gərməsini istəyirlər. Kimlərinsə İsrailin xeyrinə Türkiyənin İranla savaşmasını istədiyi göz önündədir. Bununla yanaşı, bəzilərinin də İranın xeyrinə Türkiyənin İsraillə mübarizə aparmasını istədiyini görürük”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin ehtiyatda olan zabiti, hərbi ekspert Abdullah Ağar “X” hesabında etdiyi paylaşımda bildirib.

Onun sözlərinə görə, siyahı hələ bununla yekunlaşmır və bir çox fərqli meyllər Türkiyənin ağlını, gücünü və imkanlarını öz maraqları və mənfəətləri üçün istifadə etmək məqsədilə şərait və səbəb yaratmağa çalışır:

“Mənim sözüm bunlara deyil. Bunlar həmişə var idi. Həmişə tələ qurdular. Bilərəkdən və ya bilməyərəkdən qurulan tələlərin bir hissəsi oldular. İstəyərək və yaxud istəməyərək Türkiyəni bu torların, tələlərin, şərtlərin içinə salmağa, çəkməyə çalışdılar. Mənim sözüm ağlı başında olanlara, müharibənin nə demək olduğunu bilənlərə, müharibə, qan və müharibənin yaratdığı ağır sınaqlarla empatiya qura bilənlərə, dörd bir yanımızda davam edən müharibələri düzgün oxumağı bacaranlara və bütün bunlardan, başda geosiyasi tələlər olmaqla, görünən və görünməyən ittifaqlardan, ittifaqdaxili oyunlardan, imkanlardan düzgün nəticə çıxara bilənlərədir. Atatürkün sözü ilə desək, müharibə, məcbur qalınmadıqca bir cinayətdir.

Həzrəti Peyğəmbərin fitnə ilə dolu dövrlərlə bağlı xəbərdarlığı isə son dərəcə açıqdır: “Fitnə atəşi yandığı zaman qaçırsınızsa yeriyin, yeriyirsinizsə dayanın, dayanmısınızsa oturun”.

Elə isə, heç kim Türkiyəni başqalarının mənafeyi uğruna müharibəyə sürükləyə, Türkiyəni xaotik mühitin, qarışıqlığın və fitnənin şəriki və oyuncağına çevirə bilməməlidir. Biz öz vətənimizi, dövlətimizi, nizamımızı, birliyimizi və gücümüzü qorumağa köklənməliyik. Terror təşkilatlarından da yardım, yaxşılıq və ya gələcək ummamalıyıq. Çünki dövlətlər duyğularla və arzularla deyil, ağıl, güc, təsir, səbr, mübarizə, fürsətlərdən faydalanma, düzgün zamanlama və fərasətlə ayaqda qalır.

Məncə, ən böyük cəsarət və fərasət müharibəyə girmək deyil, başqasının qurduğu müharibədən kənarda qala bilmək, öz müharibənin zamanını və şərtlərini özünün müəyyən edə bilməsidir.

Türkiyə başqalarının müharibələrinin vəkili deyil, o öz gələcəyinin və təhlükəsizliyinin sahibi olan bir ölkə kimi ayaqda qalmalıdır. Çünki Türkiyə təkcə özü üçün deyil, bəşəriyyət və gələcək üçün də bir ümiddir”.