Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur “Ulduzlu Gecə” tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yeni istiqamət verib.
“Qafqazinfo”nun xəbərinə görə, Cənubi Koreyanın Kyunq Hi Universitetindən tədqiqatçı Elyah Conq-Hyun Kimin rəhbərlik etdiyi qrup tablonun mərkəzindəki ulduz düzülüşünü araşdırıb.
Nəticələr göstərib ki, əvvəllər Qoç bürcü ilə əlaqələndirilən ulduzlar, əslində, Buğa bürcündə yerləşən, V formasını xatırladan Hiad ulduz topasına uyğun gəlir.
Tədqiqatçılar rəsmdəki nazik Ayparanın iyun ayındakı səma mənzərəsinə deyil, iyul ayındakı astronomik vəziyyətə uyğun gəldiyini müəyyən ediblər.
Araşdırma çərçivəsində alimlər Fransada sahə tədqiqatları aparıb, tablodakı pəncərə və mənzərə çərçivəsini 1889-cu ilin səma vəziyyətinin kompüter modelləşdirməsi ilə müqayisə ediblər. Təhlillər göstərib ki, həmin il iyulun 22-də sübh vaxtı Ayın, Veneranın və Hiad ulduz topasının mövqeyi rəsmdəki mənzərə ilə ən çox üst-üstə düşüb. Ulduzların bir-birinə nisbətən mövqeləri və üfüq xəttinə görə bucaqları da bu nəticəni dəstəkləyib.
Əldə olunan nəticələr Van Qoqun tablonu iyun ayında yaratmağa başlamış, lakin iyulda da üzərində işləməyə davam etmiş ola biləcəyini göstərir. Beləliklə, rəssamın müxtəlif günlərdə müşahidə etdiyi səma mənzərələrini eyni əsərdə birləşdirməsi ehtimalı yaranır.
Tədqiqatçılar hesab edirlər ki, astronomik məlumatların incəsənət əsərləri ilə müqayisəsi digər tarixi gecə mənzərələrinin yaranma şəraitini və rəssamların müşahidələrini daha dəqiq araşdırmağa kömək edə bilər.






Son xəbərlər
Son Xəbərlər