Hindistanda uşaq evlərində böyüdükdən sonra Niderlandda fərqli ailələr tərəfindən övladlığa götürülən iki qadın illər sonra bioloji bacı olduqlarını öyrəniblər.
“Qafqazinfo” xəbər verir ki, 43 yaşlı Mina Geltink və 44 yaşlı Minal Tayssen Niderlandın fərqli şəhərlərində, bir-birindən təxminən 160 kilometr məsafədə böyüyüblər.
Onlar bir-birlərindən xəbərsiz şəkildə yaşasalar da, 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün keçirilən tədbirdə tanış olublar.
İlk görüşdən sonra aralarında güclü bağ yaranıb. Bir-birlərinə fiziki cəhətdən bənzəyən Mina və Minal yaxın dost olublar və yazışmalarında zarafatla bir-birlərinə “bacı” deyiblər. Lakin zaman keçdikcə əlaqələri kəsilib və onlar təxminən 15 il bir-birlərini görməyiblər.
İllər sonra yenidən əlaqə saxlayan qadınlar bu dəfə doğmalıqlarının əsl səbəbini öyrənmək üçün DNT testi keçiriblər.
Apreldə aparılan testin nəticələri onların bioloji bacı olduqlarını təsdiqləyib.
Fransada yaşayan Minal Tayssen telefonuna gələn bildirişdə “bacı” sözünü gördükdə əvvəlcə böyük təəccüb yaşadığını bildirib. Daha sonra sosial şəbəkələrdəki şəkillərə baxaraq, nəticənin illər əvvəl tanış olduğu uşaqlıq dostu Mina ilə bağlı olduğunu anlayıb.
Həqiqəti öyrəndikdən sonra Mina və Minal münasibətlərini daha da möhkəmləndiriblər. Mina bu görüşün həyatında itkin olan bir hissəni tamamladığını bildirib.
“Səni görəndə özümü evdəki kimi hiss edirəm”, – deyə Mina bacısına müraciətlə bildirib.
Doğum qeydləri ilə bağlı məlumatları olmayan iki qadın bioloji bacı olduqlarını öyrəndikdən sonra hər gün əlaqə saxladıqlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər