Venesuela, İran və Qrenlandiya haqda bir neçə kəlmə...

venesuela-iran-ve-qrenlandiya-haqda-bir-nece-kelme
Oxunma sayı: 534

Hərdən mediada, sosial şəbəkələrdə dünyanın ümumi vəziyyəti ilə bağlı aparılan təhlilləri, verilən proqnozları izlədikdən sonra gerçəkdən heyrət edirəm. Əsas da bəzi politoloq və siyasi şərhçilərin timsalında. Ki, onlar həqiqətənmi hər şeyin bu qədər sadə olduğunu düşünürlər? Onlar həqiqətənmi bütün proseslərin bu qədər açıq, bəsit, “trafaret” (hamının hesablaya biləcəyi) üsulla icra ediləcəyi qənaətindədirlər?!

Yox, əzizlərim. Elə deyil. Əmin olun ki, elə deyil!

“Dərin dövlət” dediyimiz qüvvə(lər) də, Amerika da, Çin də, dünyanın digər supergücləri də öz xarici siyasət planlamalarını o formada tənzimləyirlər, o şəkildə muncuq kimi sistemə düzürlər ki, əsl hədəf və məram hər kəs üçün mübhəm qalsın. Və ya: həmin planlamadan mən, sən, digəri duyuq düşsə, ta bunun adı planlama olmaz axı... Həmin ssenarilər, illərin beyin məhsulu olan məlum gedişatlar ömür boyunca 1 kitabı əvvəldən axıra qədər oxumayan Fuad Qəhrəmanlının da statusunda yazılan kimi cərəyan etsə, ta bunun adı strategiya olmaz axı...

Ssenari, Maduronun ssenarisi idi. Gəldilər, götürdülər, getdilər. Vəssalam. Üstəlik, kimsənin ehtimal belə etmədiyi formada.

Amma İran mövzusu...Bu, çox dilemmatik mövzudur. O anlamda ki, yetərincə açıq platformaya çıxıb və ən əsası: kimin kimdən (konkret) nə istədiyi hələ tam aydın deyil.

Eyni zamanda küçə nümayişləri, şəhərlərin bir-birinin ardınca ayağa qalxması və sair bu kimi icraatlar da hələ optimal qənaət hasil etmək üçün “tutumlu ipucu” sayıla bilməz.

Fəqət! Bir şeydən əminəm və az öncə söylədiyim fikri yenidən təkrarlamaq istəyirəm: Hər nə baş verəcəksə versin, bu, insanların düşündüyündən fərqli olacaq və nəticəvi sonluq indi, 1 həftə, 2 həftə əvvəl söylənilən proqnozlarla qətiyyən uzlaşmayacaq.

Ya da olsun Qrenlandiya: Niyə bu qədər ciddi müzakirə olunur?

Daha doğrusu, Venesuelanı, İranı, Kubanı başa düşdük. Danimarka ilədəmi problem var?

- Xeyr!

O miqyasda məkanı pul-para ilə almaq mümkündürmü?

- Düşünmürəm.

Əsas səbəb strateji yerləşmədirmi?

- Qismən.

O zaman nə?!

Bir neçə faktorun məcmusu!

Və mən, onların içində “ən önəmli” hesab etdiyimi söyləyim: Adada (ardıcıl) keçirilmiş son 5 sorğunun nəticələrinə görə, Qrenlandiya əhalisinin minimum 95 (!) faizi ABŞ -ın patronajlığı altında yaşamaq istəyir!

Məsələ, bax budur!

İncə məqam, ABŞ-ni ruhlandıran, Trampı motivasiya edən ən vacib “element” bax budur!

Yoxsa, bütün Qafqazın az qala 15 mislində olan Qrenlandiyanı pulla almaqmı olar?!

Və ya; Hələ 1867- ci ildə Qrenlandiyanın tən yarısı qədər olan Alyaska üçün Rusiyaya 7,2 milyon dollar vəsait ödəyən Amerika, onun rəsmiləri sizcə düşünmürmü ki, bu gün Qrenlandiyanın qiyməti (o da əgər satılıq olsa!) ən az trilyon dollarlar civarındadır?

Ayrıca. Qrenlandiyanı hələ də Danimarkanın müstəmləkəsi zənn edənlər üçün qısa arayış vermək məcburiyyətindəyəm: Ada 21 iyun, 2009-ci ildə öz müstəqilliyini elan edib və qrenlandiyalılar beynəlxalq hüquq tərəfindən ayrıca xalq kimi tanınıb.

Bəli, o ayrı məsələdir ki, bu müstəqillik nisbidir və kağız üzərindədir, xarici siyasət və müdafiə məsələləri hələ də Danimarkanın inhisarındadır, beynəlxalq hüququn anası ağlar günə qalıb, de fakto - de yuri məsələlər tam fərqli anlayışlardır...Amma və lakin! Fakt (rəsmiyyət) budur, Qrenlandiya xalqı öz müqəddəratını həll etmək üçün yetərli statusa sahibdir və ona görə də Amerika belə “ürəkli” addımlar atır.

***

Diplomatiyada ənənəvi üsullardan savayı bir də 2 məşhur “göstərgi” mövcuddur:

1) Demarş.

2) Qeyri - səlis (yalnız lokal sferada anlaşılan) ritorika.

“Demarş”a nadir hallarda rast gəlinir. Çünki onun tətbiqi ciddi cəsarət tələb edir.

Fəqət, “qeyri - səlis ritorika”nın praktikada çox geniş yayılmış növləri və presedentləri var.

Örnək verim: Məsələn, Maduro ABŞ-yə aparılanda Avropa Şurasının, Avropa Parlamentinin, Avropa İttifaqının başbilənləri nə demişdi? - “Beynəlxalq hüququn prinsiplərinə riayət edilsin.” Pəhh! Allah ölənlərinizə qəni - qəni rəhmət eləsin. Nə yaxşı dediniz, az qala fikirdən, diqqətdən qaçmışdı.

İndi isə gələk, bu tələbin (tapmacanın) gerçək məğzinə. Və ya: Avropa əslində nə deyirdi? Heç nə. İnanın, heç nə demirdi. O, sadəcə həmin qeyri - səlis ritorikadan istifadə etməklə soruşurdu: “Bizim bu söhbətdən niyə xəbərimiz yoxdur?”

Ya da olsun, Makron. Venesuela məsələsində XİN-nin ağzı, dili ilə danışdı. Yəni, hadisə ilə bağlı birbaşa özü münasibət bildirmədi. Amma, ortalığa Qrenlandiya məsələsi çıxan kimi dərhal ortalıqda göründü və hətta “yarım - təhdid” formasında bəyanat belə səsləndirdi.

Səbəb? - Əsl səbəb, yenə də qeyri - səlis ritorikanın kölgəsində gizlənmişdi. Və ya: Makronu danışdıran nə Qrenlandiya mövzusu idi, nə də hansısa abstrakt (hələ tətbiq olunmamış) vergi tarifləri. O, sadəcə soruşurdu: “Həmin külək Kaledoniyada, Polineziyada da əsə bilər, yoxsa biz rahat ola bilərik?”

Razıyam. Bu dəmdə analoji sualla da qarşılaşmaq mümkündür. Ki, yaxşı, bəs Britaniya niyə ortalıqda yoxdur, gözə dəymir və heç nəyə münasibət bildirmir?

Cavab sadədir:

Çünki, Britaniya “dərin dövlət” masasının ən yaxşı yerlərindən birində oturub, əzizlərim.

Çünki, anqlo-saks sistemi (həm hüquqi, həm siyasi anlamda) hələ də proseslərdən kənarda qalmamaq və “həfifə alınmamaq” lüksuna sahibdir.

Yaxşıdırmı, pisdirmi? - Orasını deyə bilmərəm. Amma dəqiq olan budur ki, onlar bir çox dövlətlər, məsələn Fransa kimi - baş verən qlobal hadisələri qəzet və jurnallardan izləmirlər. Əksinə: həmin hadisələr baş verməmişdən minimum 1 il öncə bütün təfərrüatlardan hali olurlar.

***

İndi isə gələk, əsas məsələyə...

Lap dəqiqi: Mən də (bayaqdan haqqında danışdığım) ritorikanın fərqli formasına köklənərək dəyərli oxuculardan soruşmaq istəyirəm: Bir ay öncə dünyanın əsas mövzusu nə idi və indi nədir?

Cavabı siz tapın.

Məncə tapdınız. Hətta gecikmədən, çox düz tapdınız.

Bəli. Rusiya artıq Kiyevin dərinliklərinə qədər irəliləyib...

Zira, dünyanın başı daha “ciddi” məsələlərə qarışıb.

Ukrayna unudulub! Unutdurulub!

Sanki, məqsədli şəkildə.

***

Tanrı müdrik və ləyaqətli Prezidentimizi qorusun.

Tanrı İlham Əliyevi Azərbaycana və azərbaycanlılara çox görməsin.

Çünki, onun sayəsindədir - bu gün bizim bütün təhlükələrdən, təhdidlərdən, burulğanlardan uzaq qalmağımız.

Rahat yaşamağımız.

Qalib, sözükeçər, qüdrətli, müstəqil, suveren olmağımız.

Sadəcə onun sayəsində...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.