Videosuna görə tənqid olunmuşdu - Həmin təşkilatdan ayrıldı

videosuna-gore-tenqid-olunmusdu
Oxunma sayı: 1543

2022-ci ildən bəri UNICEF-in (BMT-nin Uşaq Fondu) Uşaq hüquqları müdafiəçisi olan türkiyəli müğənni Hadisə beynəlxalq təşkilatla yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, buna müğənninin Ramazan ayı münasibətilə ianə ilə bağlı videomüraciətinə görə sosial mediada sərt reaksiyalarla qarşılaşması səbəb olub.

Belə ki, Hadisənin videoda səsləndirdiyi “Bu Ramazan ayında dünyanın heç bir yerində ac uşaq olmasın. Türkiyədən Qəzzaya, Sudandan Afrikanın ən ucqar kəndlərinə qədər... İanənizlə uşaqlara ümid verin!” fikirləri sosial mediada müzakirə yaradıb.

Bəzi sosial media istifadəçiləri müğənnini tənqid edərək “Türkiyəni köməyə ehtiyacı olan bir ölkə kimi təsvir edə bilməzsən” deyiblər.

Hadisə yazılan şərhlərdən sonra videonu silərək açıqlama verib: “2022-ci ildə UNICEF-in Türkiyə üzrə Uşaq hüquqları müdafiəçisi seçildim. O vaxtdan bəri UNICEF ilə birlikdə uşaqlarımızın və gənclərimizin dəstəyə ehtiyacı olan sahələrdə əvəzsiz işlər görmüşük. Mübarək Ramazan ayı üçün UNICEF mənə mesaj göndərdi və video çəkməyimi istədi. Videonun mesajı belə idi: “Gəlin Ramazanda birlikdə yaxşılıq edək”.

Mən bu ölkəni sevən bir qadınam. Türkiyənin reallıqlarını bilən, bu reallıqları görməzdən gəlməyən, lakin həmişə həllin bir hissəsi olmaq istəyən bir qadınam. 2019-cu ildə miqrant uşaqlara qucaq açmalı olduğumuzu deyəndə də, zəlzələ zamanı həm Türkiyədə, həm də xaricdə uşaqlarımız üçün yardım topladığım zaman da niyyətim eyni idi. Bu gün, Ramazan ayında uşaqlarımıza dəstək çağırışı etdiyim zaman da eyni fikirdəyəm.

Türkiyə güclü bir ölkədir. Dövləti və milləti həmişə vətəndaşlarının yanında olan bir ölkədir. Ölkəmiz dünyanın hər yerinə yardım çatdıran, ehtiyac duyulduqda hər kəsin yanında olan bir ölkədir. Ölkəmizdə və dünyada köməyə ehtiyacı olan çoxlu uşaq və ailə var. Hökumətimizin səyləri və hərəkətləri əvəzsizdir. Bununla yanaşı, Türk Qızıl Aypara Cəmiyyəti, UNICEF və İHH Humanitar Yardım Fondu kimi yardım təşkilatlarının dəstəyi də eyni dərəcədə vacibdir. Bu təşkilatlara edilən ianələrin uşaqların həyatında necə real fərq yaratdığının bariz şahidiyəm.

Ümid edirəm ki, Ramazan ayında hamımız qəzəbli sözlərdən uzaq duracağıq. Oruc yalnız bədənin ac qalması ilə bağlı deyil, bu həm də zehnləri və qəlbləri pisliklərdən təmizləməklə bağlıdır. Duam budur ki, bütün uşaqların bərabər, təhlükəsiz və sevgi ilə yaşaya biləcəyi daha ədalətli bir dünyada ömür sürək”.

Növbəti dəfə açıqlama yayan müğənni bildirib ki, ictimai reaksiyaları diqqətlə izləyir və onlara hörmətlə yanaşır. O, qadınların, uşaqların və bütün canlıların yaşamaq hüququ ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb. Yardım kampaniyaları məsələsində daha həssas davranacağını qeyd edib və UNICEF ilə əməkdaşlığına son verdiyini açıqlayıb. Ramazan ayında isə xüsusilə Qəzzadakı uşaqlara dəstəyini müstəqil şəkildə davam etdirəcəyini bildirib.