Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında şəhər və məkan planlaşdırılması, eləcə də dayanıqlı şəhər inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, Anlaşma memorandumunun imzalanması mərasimi WUF13 çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqunda baş tutub.
“Bu, tarixi bir andır. İlk dəfə olaraq şəhərlər və dayanıqlı urbanizasiya mövzusunda ən nüfuzlu qlobal toplantı olan Ümumdünya Şəhərsalma Forumuna təşkilatımızın üzv ölkələrindən biri ev sahibliyi edir”, – tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev deyib.
Onun sözlərinə görə, bu gün ölkələri birləşdirən yalnız miras deyil:
“Bizi ortaq çağırış da birləşdirir. Regionumuz sürətlə urbanizasiyaya məruz qalır. Mərkəzi və Qərbi Asiyada şəhər əhalisinin sayı son on ildə təxminən 35-45% artıb. Sürətli urbanizasiya öz növbəsində təcili tədbirlər tələb edən çağırışlar yaradır. Şəhərlər həm iqlim dəyişikliyinin, həm də coğrafiyamızın böyük hissəsində mövcud olan ciddi seysmik risklərin ön xəttində dayanır.
Beləliklə, WUF13 qarşısında duran, insanların təhlükəsiz, əlçatan və dayanıqlı şəkildə necə məskunlaşdırılması kimi məsələlər bizim üçün abstrakt deyil”.
Günel İbrahimova
Foto: Xəyal Vəlizadə









Son xəbərlər
Son Xəbərlər