Xətainin heykəlindəki rusca yazı sonradan əlavə edilib? - Araşdırma aparılır - Yenilənib

xetainin-heykelindeki-rusca-yazi-sonradan-elave-edilib
Oxunma sayı: 985

Bakıda Şah İsmayıl Xətainin heykəlinin lövhə hissəsindəki yazı müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paylaşım edən jurnalist Sənan Nəcəfov lövhədəki sözlərə diqqət çəkib. O qeyd edib ki, Yusif Səfərov küçəsindəki heykəlin üzərində memarın abidəni nəvəsinə həsr etməsi ilə bağlı rusca qeyd var.

S.Nəcəfov vurğulayıb ki, dövlət sifarişi ilə hazırlanan abidəyə belə yazının əlavə olunması sual doğurur: “Heykəlin kartuş (lövhə) hissəsində ( üzərində ŞAH İSMAYIL XƏTAİ yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədılmış metal lövhə) kiçik hərflərlə “ПОСВЯЩАЕТСЯ ВНУКУ ИСМАИЛУ АТАКУШЕВУ – ИБРАГИМ ЗЕЙНАЛОВ” (“Nəvəm İsmayıl Atakuşevə həsr olunur — İbrahim Zeynalov”) yazılıb. Doğrudan da heykəlin müəlliflərindən biri İbrahim Zeynalovdur. 

Dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi icazəsi varmı? Abidə tarixi şəxsiyyətə - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?”

Abidə qoyulan vaxt Xətai rayonunda icra başçısı olmuş Zəlimxan Məmmədli heykəlin özü tərəfindən sifariş olunduğunu, lakin həmin vaxt üzərində belə bir yazının qeyd olunmadığını bildirib: “Bu abidəni 1992-ci ilin sonlarında Xətai Rayon İcra Hakimiyyətinin başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışını şəxsən mən etmişəm, lenti Bakının ovaxtkı meri, rəhmətlik Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də - hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görmüşəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlamışıq.

Qeyd edək ki, 1993-cü ildə qoyulan abidənin müəllifləri Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. 2007-ci ilə heykəlin postamenti yenidən qurulub və abidə yenidən bərpa edilib. 2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində iki xəstəxanasının arasındakı əraziyə köçürülüb.

***

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli (inv. 464) 1993-cü ildə ucaldılıb. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

“Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur.

Heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.

Eyni zamanda, məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə  birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, - qurumdan bildirilib.

Gülnar Əliyeva