Yaxın Şərqin bəzi bölgələrində baş verən münaqişələrlə bağlı beynəlxalq mediada geniş məlumatların yayılmasına baxmayaraq, Türkiyəyə turizm tələbi yüksək səviyyədə qalmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizmin Təbliği və İnkişafı Agentliyi (TGA) birgə məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə turizm fəaliyyəti tam normal qaydada davam edir. Dünyanın ən çox ziyarət edilən turizm istiqamətlərindən sayılan İstanbul, Antalya, Bodrum, İzmir və Kapadokya kimi məşhur turizm məkanları Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionundan gələn qonaqların fasiləsiz şəkildə qəbuluna davam edir.
.jpeg)
Məlumatda qeyd olunub ki, Türkiyədə turizm fəaliyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur. Ölkənin bütün turizm bölgələrində kurortlar, hotellər, ekskursiyalar və müxtəlif turizm xidmətləri planlaşdırıldığı kimi fəaliyyət göstərir. Ölkə üzrə turizm obyektlərinin bağlanması, fəaliyyətin dayandırılması və ya hökumət tərəfindən tətbiq edilən hər hansı məhdudiyyət qeydə alınmayıb.
İstanbul, Antalya, Bodrum və İzmir daxil olmaqla, Türkiyənin bütün əsas beynəlxalq hava limanları normal rejimdə fəaliyyət göstərir. Regiondakı hadisələr səbəbilə heç bir Türkiyə hava limanı bağlanmayıb, fəaliyyətinə məhdudiyyət qoyulmayıb və uçuş marşrutlarında dəyişiklik edilməyib. Türkiyəyə uçuş həyata keçirən aviaşirkətlər də münaqişə səbəbilə hər hansı reysin ləğv olunmadığını bildirir.
2026-cı ilin yay mövsümü üçün satışlar açıqdır. Tur operatorları, onlayn turizm platformaları və digər tərəfdaşlara 2026-cı ilin yay mövsümü üzrə Türkiyə istiqamətinin aktiv şəkildə təklif edilməsi tövsiyə olunur. Coğrafi reallığı nəzərə alan turistlər arasında ölkəyə səyahətə tələbat yüksək olaraq qalır.
Son xəbərlər
Son Xəbərlər