Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

zabrat-mehemmedi-arasindaki-golu-kimler-qurudur
Oxunma sayı: 2009

Sabunçu rayonunun Zabrat və Məmmədli (Məhəmmədi) qəsəbələri arasında “Kürdəxanı təcridxanasına gedən yol” kimi tanınan ərazidə yerləşən gölün bir hissəsi qurudulub. Vaxtilə avtomobil yoluna qədər uzanan gölün ərazisi son vaxtlar hektarlarla kiçildilib.

“Qafqazinfo”nun əməkdaşları vəziyyətlə yerində tanış olmaq üçün bu günlərdə əraziyə baxış keçirib.

Müşahidələr zamanı gölün xeyli hissəsinin qurudulduğu və həmin ərazidə tikinti işlərinin aparıldığı müəyyən edilib. Lakin bunun hansı qurum tərəfindən, hansı əsasla və hansı icazə ilə həyata keçirildiyi barədə ictimaiyyətə açıqlama verilməyib. Son günlər güclü yağışlardan sonra baş verən subasma halları isə məsələyə diqqəti daha da artırıb.

Elə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun son çıxışını xatırlatmaq yerinə düşər. Sədr dedi ki, Bakı bə Abşeron ərazisində bəzi göllər qanunsuz şəkildə qurudulub. Zəbt olunmuş yerdə tikintilər aparılıb. Nəticədə yerin altında qalan su “mina” kimi gözlənilmədən üzə çıxır və subasmalara səbəb olur.

Xəbəri rus dilində oxuyun: Кто и почему осушает озеро в Баку? - ФОТО/ВИДЕО

Agentliyi göllərin qurudulmasına cavabdeh qurum olmasa da, mövcud vəziyyətdən narahatdır.

Ərazidə gördüyümüz mənzərə ilə əlaqədar Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Zabrat 2-də yerləşən sözügedən gölün qurudulması insan fəaliyyətinin nəticəsidir: “Həmin gölün bir hissəsinin məişət və tikinti tullantıları ilə doldurulduğu, ərazidə hasarlanma və tikinti işlərinin aparıldığı müəyyən edilib. Bununla da Su Məcəlləsinin və müvafiq qaydaların tələbləri kobud şəkildə pozulub. Aparılan müşahidələr göstərir ki, 2020–2025-ci illərdə gölün su səthində azalma müşahidə olunub. Bu isə problemin yalnız təbii səbəblərlə deyil, insan fəaliyyəti ilə bağlı olduğunu göstərir. Hazırda gölün doldurulmasının qarşısının alınması, nəzarətin gücləndirilməsi və təqsirkarların cəzalandırılması üçün Sabunçu Rayon Polis İdarəsinə, İcra Hakimiyyətinə, Zabrat Bələdiyyəsinə və digər qurumlara müraciət olunub”.

Onu da öyrəndik ki, hazırda daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsində hərtərəfli araşdırma aparılır.

Göl Sabunçu rayonu ərazisində yerləşdiyindən qurudulan yerdə aparılan işlərin Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq razılığı əsasında həyata keçirildiyi iddia edilir. Lakin icra hakimiyyəti tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Cavabını gözlədiyimiz digər mühüm suallar isə hələ də açıq qalır:

Gölün qurudulmasına hansı zərurət olub? Həmin ərazidən gələcəkdə hansı məqsədlə istifadə olunması planlaşdırılır? Aparılan tikinti işləri üçün verilmiş icazənin hüquqi əsasları nədən ibarətdir? Bu müdaxilənin ekoloji riskləri əvvəlcədən nəzərə alınıbmı?” Ən əsası, işin məsuliyyətini kim və ya kimlər üzərinə götürüb?

İnanaq ki, ünvanladığımız suallara cavab olaraq ictimaiyyətə aydın açıqlama veriləcək. Təbii ki, o vaxta qədər göl tamamilə yoxa çıxmasa…

Sail Ağasəlim

Fotolar: Pərvin Zeynal