Bakıda, Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalı ikinci günündə də ziyarətçiləri qəbul edir, maraqlı təqdimatlar, canlı musiqi və əyləncəli çıxışlarla davam edir.
“Qafqazinfo” xəbər verir ki, gün ərzində davam edən əyləncə proqramı çərçivəsində musiqi və tanınmış sənətçilərin çıxışları təqdim olunub.
Festival üçün xüsusi bəstələnən musiqi sədaları altında Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında nümayiş olunan yallı tədbirə milli kolorit qatıb.
Festivalın ikinci gününün musiqi proqramında DJ Kamo, Rilaya və Mərdan Kazımov çıxış ediblər.
Festival ərazisində şəhər sakinləri ilə yanaşı, xarici turistlər də gözə dəyir. Ziyarətçilər stendlərlə tanış olur, təqdim edilən təamların dadına baxır, bəyəndikləri məhsulları əldə edir, rəngarəng pavilyonların qarşısında şəkillər çəkdirirlər. Bir çoxları isə telefonları ilə stendlərin görüntülərini lentə alaraq festivaldan xatirə toplayıblar.
Pavilyonlar arasında gəzən ziyarətçilər həm yerli istehsalçılarla tanış olur, həm də müxtəlif çeşidlər haqqında məlumat əldə edirlər. Ərazidə səslənən musiqi və ziyarətçilərin fəallığı festivalda xoş ab-hava yaradıb.
Axşam konsert proqramında isə reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva sevilən mahnılarını ifa edəcəklər.
Qeyd edək ki, Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrini təbliğ etmək, yerli istehsalçıları tanıtmaq və dəstəkləmək, eləcə də bu sahədə milli brendin formalaşmasına töhfə verməkdir.
Festival ərazisinə giriş, həmçinin əyləncə və konsert proqramlarında iştirak ödənişsizdir.
Festival oktyabrın 25-də də davam edəcək.
Lamiyə Məmmədova
Pərvin Zeynal






















Son xəbərlər
Son Xəbərlər