“Azərbaycanlı qızla erməni oğlanın sevgisindən yazmışam” - Fotolar+Video

“Azərbaycanlı qızla erməni oğlanın sevgisindən yazmışam”
Oxunma sayı: 9153

Yazıçı Sahilə YaYanın ( İbrahimova) “Qafqazinfo” ya müsahibəsi:

- Sizi sonuncu romanınız olan “Şeyx” romanı ilə bağlı təbrik edirəm. Dili kifayət qədər rəvan və axıcı olan əsər yazmısınız. Romanın adının “Şeyx” seçilməsi bizim yaşadığımız Cənubi Qafqazda məşhur olan şeyx sözünə hər hansı işarədirmi, yoxsa ancaq Hüseyn Cavidin Şeyx Sənanından ilham almısınız?

- Şeyx adı heç bir dini ismarıc daşımır. Tamamilə Şeyx Sənana bağlı olan addır. Çünki onun ən böyük problemi məhz şeyx olmasında idi. Onun imtinası da şeyxliklə bağlı oldu. Əsəri yazmağa başlayanda və bitirəndə ağlımda başqa şeyx olmayıb. 

- Əsərdə uzaq keçmişlə yaxın gələcəyin qarşılaşdırılması var. Birindən danışılır, daha sonra gələcəyin Şeyx Sənanının həyatına keçid edilir. Ancaq yaxın gələcəyin Sənanından bəhs etməniz mümkün idimi? Yoxsa hesab etdiniz ki, gələcəkdən yazsanız həcmi tamamlamağa fikirlər yetməyə bilər?..

- Nəyisə örtmək, yaxud yamamaq üçün yazmağı ağlımdan keçirməmişəm. Sırf Şeyx Sənanı istinad mənbəyi kimi götürərək yola çıxmışam. Bildirirəm ki, “Şeyx Sənan” heç də keçmişdə qalmayıb. O, dünənin yox, bu günün tarixidir. Ola bilsin ki, onun kimi qərar verənlər azdır və ya heç yoxdur. İnsanlar məzmun olaraq bir-birinə çox oxşayır. Ona görə Şeyx Sənan günümüzün insanına yad biri deyil. 

- Əsərin qəhrəmanı olan Şumeysat çox ağır bir uşaqlıq keçirir. Sizin uşaqlığınızla onunku arasında oxşarlıq varmı? 

- Mən özüm də kitab oxuyanda adətən yazıçıyla qəhrəmanın həyatını eyniləşdirirəm. Amma mən Şumeysat deyiləm. Ola bilsin ki, hansısa məqamda, ştrixdə varam. Çünki müəllif kitabdan tamamilə özünü silib ata bilmir. Biz əslində həmişə özümüzdən yazırıq. Onunla ortaq tərəfim bu ola bilər ki, ikimiz də müharibə dövrünün uşaqlarıyıq. Uşaqlığımın fonu müharibə, ondan sonrakı çətinliklərdir. 

- Siz əsərdə Şumeysatın anasının əri tərəfindən əziyyətlərə məruz qaldığını, hüquqlarının tapdalandığını və bunlara dözüb bircə dəfə də səsini çıxarmadığını təsvir etmisiniz. Bu, qadın azadlığının olmamasına işarədir. Sizin üçün azadlıq nə deməkdir? 

- Hər kəsin seçim imkanı olmalıdır. Hər kəs daha çox harada sevinc duyursa, özünü güclü hiss edirsə o zamanda, o məkanda azaddır. Əslində isə hazırda azadlıq və yaşam barədə fikirlərim çox qarışıqdır. Son dövrlər Nuri Bilge Ceylanın bütün filmlərini izləməyə qərar vermişəm. Onun təklif etdiyi həyata baxışlar, istinadlar məni başqa cavablara apara bilir. Hər halda qadının azad olmaq və ya olmamaq seçimi etmək imkanı olmalıdır. Bəzən azad qadın hesab etdiyimiz biri əslində məhz kiminsə, nəyinsə diktəsində belə görünə bilər. Bir əsər var, orda qız azad olmaq üçün atasını öldürür. Ancaq sonra o, əldə etdiyi azadlıqla necə yaşayacağını bilmir. Hər kəsin azadlığı dadmaq, tanımaq imkanı olmalıdır. Kimsə azad olmaq istəyirsə olmalıdır. Sonra istəsə azadlıqdan imtina edə bilər. 

- Əsərdə Şumeysatın erməni bir gəncə məhəbbətindən bəhs olunur. Hüseyn Cavidin “Şeyx Sənan”ında şeyxin gürcü qızı Tamaraya olan məhəbbəti idi.  Burada isə düşmən olan obraz var. Gəldiyim qənaət odur ki, siz obrazların aqibəti ilə bağlı ehtiyatlı davranmısız. İctimaiyyətin böyük reaksiyası olacağından çəkinmisiz. Çünki ortada bir sıra nümunələr var. Məsələn, Əkrəm Əylisli...

- Mən o durumda Şumeysatın yerində olmaq istəməzdim. Çünki o, çox böyük seçim qarşısındadır. Onun əvəzinə də məsuliyyət daşımaq istəmədim. Bəli, siz haqlısınız, mən ola bilsin ki, bilərəkdən qorxaqlıq eləmişəm. Amma bəlkə də bu, demokratiyadır. Bu cavabı məhz oxucuya buraxdım. Əslində kitabın sonluğu tamam başqa cür nəzərdə tutulmuşdu. Mən günahkar olaraq müharibəni seçdim. Sonda onlar ilk dəfə görüşdükləri yerə gələcəkdilər. Oğlan ya qatardan düşəcəkdi, ya da yola birlikdə davam edəcəkdilər. Hətta bilet də almışdılar. O səhnə baş tutmadı. Müharibə imkan vermir ki, insanlar seçim etsinlər. Hətta mənim özümə də bu əsərlə bağlı xəbərdarlıq edirdilər, qorxudurdular. Ancaq əsəri oxuyandan sonra hamıda bir çaşqınlıq yaranırdı. Bəli, əsərdə azərbaycanlı qızla erməni oğlanın sevgisindən söhbət gedir. Amma elə söhbət gedir ki, insanlar qəzəb duya bilmirlər. Kitabı oxumadan öncə hamı məni qorumağa çalışırdı. Mənsə adamları inandırmağa çalışırdım ki, bu kitab bu mövzuda yazılan kitablardan fərqlidir. Əkrəm Əylislinin kitabı həm də ona görə qəzəb doğurdu ki, orada bir tərəf günahlandırılırdı. Digər tərəf isə qurban kimi görünürdü. Mənsə bundan qaçmağa çalışdım. Qeyd olaraq kimi deyim, mən Hüseyn Caviddən daha çox Fəridəddin Əttarın Şeyx Sənanına əsaslanmışam. 

- Sizi kim qorxudurdu? Söhbət ictimai şəxslərdən gedir?

- Söhbət həm də tanınmış şəxslərdən gedir. Müəyyən anlarda fikrimdən daşındırmağa çalışdılar ki, bu romanı yazmaq lazım deyil. Çox maraqlıdır ki, ailəm onların əksinə dəstək oldu. Romandan çıxarılmış bəzi hissələrin qalması üçün həyat yoldaşım israr edirdi. Mən artıq onu dilə tutmağa çalışırdım ki, bu hissələr mütləq deyil. 

- Romanı neçə ilə tamamladınız? 

- 3 ilə bitirdim. Bu əsəri yazmaq üçün ömrümdə heç oxumadığım qədər dini kitablar oxudum. Araşdırmalara müraciət etdim. Təbii ki, onları romanda gizlətməyə çalışmışam. Çünki elmi araşdırma ədəbiyyatda çox görülməsə yaxşıdır. 

- Araşdırmalardan nə qənaətə gəldiniz, dinlə bağlı düşüncələriniz nədir? 

- Kitabda bir yer var; Şumeysatın anası valideynlərinin namazı qəzaya qalmasın deyə ağır vedrələrdə onlara su daşıyır, bundan sonra onurğasında yırtıq yaranır. O qadın dindar olmasa da, özü namaz qılmasa da doğmalarının dini sevgisinə müqəddəs baxır. Mənim dinlə bağlı yanaşmam təxminən belədir. Özümün hansısa dinə bağlılığım olmasa da, müəyyən insanların din sevgisinə sayğı duymağa çalışıram. Mənim üçün istənilən situasiyada əsas insandır. Əslində orada çox böyük tolerantlıq var. Özünün xüsusi şəkildə sevmədiyi, amma başqalarının çox sevdiyi bir şeyə qarşı bu qədər hörmət, özünüfəda, yardım etmək faktı var. Şumeysat o anda anası haqqında nə düşünürsə, mən də o fikirdəyəm.

- Bəlkə də ədəbi yaradıcılığa meyl ona görə azdır ki, bu, bizim ölkəmizdə ədəbiyyatçılara o qədər də maddi qazanc gətirmir. Siz son əsəriniz olan “Şeyx”dən nə qədər qazanc götürə bilmisiniz? 

- Birinci dəfədir ki, bu əsərlə mən özümü tam olaraq peşəkar bir yazıçı kimi hiss etdim. İllər öncə verdiyim müsahibələrin birində məndən soruşmuşdular ki, professional yazıçı nə deməkdir? Xarici lüğətlərdə bu sözün mənası odur ki, sən öz fiziki və əqli əməyinin nəticəsində pul qazanmalısan. O zaman demişdim ki, özümü peşəkar hiss etmirəm, çünki kitabdan gələn gəlirlə yaşamıram. Ancaq “Şeyx” kitabıyla mən özümü peşəkar yazar kimi hiss etdim. Qonorarım kifayət qədər yaxşı idi. Çap prosesinə qarışmadım. Redaktorla işlədim, müqavilə imzaladım. Məndən gözlənilən odur ki, kitabın müəllifi olaraq arxasında durum. İstəyirəm nəşriyyat görsün ki, mənim yazdıqlarıma ehtiyac var və yeni kitab sifariş versin. Bu, mənim üçün böyük stimul olar.

- Müxtəlif məsələlərdə yazıçıların kaprizləri çox olur. Bu, ailə həyatı qurmaq məsələsində də özünü göstərir… 

- Azərbaycanda fəal qadınlar ailə quran zaman müəyyən çətinliklərlə üzləşirlər. Bu, ya evlənəcəyin adamın səni anlayıb-anlamayacağı ilə bağlı olur. Yaxud qarşı tərəfin ailəsinin sənin ictimaiyyətdə aktiv fəaliyyətindən narazı olmağından irəli gəlir. Müəyyən dünyagörüşləri fərqi ola bilər. Ona görə də yəqin ki, asan deyil. Çünki mənim ətrafımda da müəyyən qədər özünü təkcə ana, həyat yoldaşı, kiminsə gəlini, qayınanansı kimi yox, həm də bir fərd, insan olaraq göstərməyə çalışan qadınların problemləri var. 

- Siz iki ildir ki, ailə həyatı qurmusunuz. Kaprizlərlə seçim arasında qalmısınızsa, necə qərar vermisiz?

- Hər halda Azərbaycan standartına görə yaş olaraq nisbətən gec ailə qurmuşam. Amma ailə quran zaman və ondan sonrakı dövrdə heç bir çətinlik yaşamadım. Çox şadam ki, yoldaşım məni həmişə dəstəkləyir. Hətta ailə qurandan sonra işlərim yüngülləşib. Söhbət yaradıcılıqdan gedir. Sanki indi özünüifadədə daha rahatam. Məncə, ancaq zəif və ağılsız kişi ağıllı və güclü qadından uzaq gəzmək istəyər. 

- Bizim qadınların ailə qurduqdan sonra qaldırdığı əsas problemlərdən biri də odur ki, partnyoru dəyişib. Əvvəl belə deyildi. Ümumiyyətlə insanların birdən-birə dəyişməsinə səbəb nədir? 

-  Sual və vəziyyət olaraq çox çətin məsələdir. Düşünün ki, bir insanla ailə qurursan. Əminsən ki, ömrünün sonuna kimi onunla olacaqsan və birdən adam dəyişir. Gözləmədiyin bir emosional vəziyyətə düşürsən. Bəziləri dözür, bəziləri yox. Onu da deyim ki, indi dözənlər daha azdır. Düşünürəm ki, elə buna dözməməlisən də. Hər halda insan birdən-birə dəyişmir. Evlilik öncəsi proseslərdə müəyyən işartılar olur. Bunu hər kəs görə bilir, sadəcə göz yumulur. Ona görə “mən onu tanımırdım” sözünü qəbul etmirəm. Ola bilsin ki, biz dəyişirik və onun əsl üzünü görməyə hazır duruma gəlirik. Müəyyən dövrlərdə bəlkə özümüzə də onu qəbul etmək sərf edir. Bir gün isə ayılırıq ki, yox, onu qəbul edəcək adam biz deyilik.

- Siz ailənizdə qarşılıqlı anlaşmaya necə nail olmusunuz?

- Biz ailə quranda yoldaşım mənə heç bir şeydə qadağa qoymadı. Amma dedi ki, çalış ki, yazıçılığın bizim ailə qurmağımıza mane olmasın. Mən də söz verdim ki, mane olmayacaq. İstənilən adamın müxtəlif vəziyyətlərdə hətta kapriz etmək lüksü olmalıdır. Amma hiss etmirəm ki, ikimizdən biri nəyə görəsə kapriz edir. Onun və özümün səmimiyyətinə inanıram. Biz xoşbəxt bir ömür yaşamaq istəyirik və bunun üçün çalışırıq. 

- Həyat yoldaşınız hansı işlə məşğuldur?

- Ədəbiyyatla bağlılığı olmasa da yaradıcı adamdır. Ədəbiyyatın dəyərli bir məkan olduğunu anlayır. Yoxsa niyə məni seçsin və dəstəkləsin ki?! Özü iqtisadiyyat universitetini bitirib. Şirkətlərin birində daxili ünsiyyət üzrə mütəxəssis vəzifəsində çalışır. Eyni şirkətdə işləyirdik. İndi o, başqa şirkətdə işləyir. Artıq birlikdə işləməyəcəyik. Mən korporativ sosial məsuliyyət üzrə mütəxəssisəm. Bir otaqda otururduq və elə tanış olmuşuq. Beyin olaraq daha praqmatikdir və dəqiq elmləri daha çox sevir. Amma bu elmləri sevən insanlar da yaradıcı ola bilər. “Nə? Harada? Nə vaxt?” kimi bir çox intellektual verilişlərdə iştirakçı olub. 

- Evinizdəki müəyyən detallar diqqət cəlb edir. İlk növbədə, işıqlıdır, bu da yəqin ki, sizin yazmaq istəyinizə əlavə enerji verir. Albert Eynşteynin, Vinsent Van Qoqun adları yazılmış yastıqlar var. Rəng tündlüyü və qarmaqarışıqlıq yoxdur... 

- Bəli, mən işığı və günəşi çox sevirəm. İşıqsız yerlərdə ürəyim sıxılır. Baxmayaraq ki, son dövrlərə qədər klaustrofobiyam yox idi. İndi isə müəyyən tibbi səbəblərdən bu fobiya məndə yaranıb. Klaustrofobların əksinə olan insanlar var ki, onlar bürünməyi sevirlər. Deyək ki, hansısa yumşaq oturacaqda evdə oturanda mütləq nəyləsə bürünürlər. Bu proses yoqada da var. Yoqlar prosesi bitirəndən sonra uzanırlarsa üstlərinə nəsə örtürlər. Bu, psixoloji bir məqamdır. Sanki öz auranla qucaqlaşırsan. Amma bu bürünmək qaranlığa bürünmək anlamında deyil. Evimizdə ədəbiyyatla, incəsənətlə bağlı olan əşyalar isə mənim təşəbbüsümlə alınıb, yerləşib. 

- Gördüyüm qədərilə evdə olan vaxtlarda “National Geographic”in heyvanlarla bağlı olan sənədli filmlərini izləyirsiniz və mütləq ki, kitab oxuyursunuz...

- Hazırda əvvəlcədən yaradıcılıqları ilə tanış olmadığm yazarların kiçik hekayələrini oxuyuram. Hətta Tom Henksin (Oskar mükafatı almış aktyor) hekayələrinə qədər gedib çıxmışam. Onun aktyorluqdan ziyadə, həm də dünyanı müşahidə etməyi var. O, Nyu-Yorkun, Hollivudun kameradan uzaq küçə həyatını görmək üçün yaxşı mənbədir. 

- Əvvəl yazılarınız öz soyadınızla çıxırdı. Sonra təxəllüs olaraq “YaYa” seçdiniz. Hesab edirəm ki, bu təxəllüs o qədər də uğurlu deyil. Təxəllüsünüz nə anlam daşıyır? 

- Kitab çıxandan sonra hətta məni tanımamışdılar. Saytlar adımı verəndə mötərizə içərisində İbrahimova yazırlar. Ləqəbim yox idi, İbrahimova soyadım idi. İstədim ləqəbim olsun. Bunun özəl mənası yoxdur. Bacımın oğlu dil açdı və məni “yaya” kimi gördü. Ondan sonra bu ad o qədər sevildi ki, ailə üzvlərim də mənə yaya dedilər. Yoldaşım məni ancaq “YaYa” deyə çağırır. Hətta ictimai yerlərdə də. Mən düşündüm ki, bu, daha məsum addır. Yeni dünyaya gəlmiş bir insan məni “yaya” olaraq görürsə, qoy belə də olsun.

Günel Türksoy

Foto - Video: Pərvin Zeynal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi