Cəlilabadda Müstəqillik Gününün 108-ci ildönümü - Fotolar

celilabadda-musteqillik-gununun-108-ci-ildonumu
Oxunma sayı: 263

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 28 May-Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.

Sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbir iştirakçılarını 28 May Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib.

Bildirib ki, bu il xalqımız Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Müstəqillik Gününün 108-ci ildönümünü qürur və iftixar hissi ilə qeyd edir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadı və xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi.

Bu gün Azərbaycan Respublikasının qazandığı uğurlar, ölkəmizin beynəlxalq nüfuzu və dayanıqlı inkişafı məhz həmin müstəqillik ideyalarının davamıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün bərpası və əldə olunan nailiyyətlər müstəqil Azərbaycanın qüdrətinin göstəricisidir.

Biz hər zaman müstəqilliyimizin qədrini bilməli, dövlətçilik dəyərlərimizi qorumalı və gələcək nəsillərə ötürməliyik. Müstəqillik hər bir xalqın ən böyük sərvəti və ən ali dəyəridir.

Daha sonra Müstəqillik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Səidə Şükürova, ADPU Cəlilabad filialının baş müəllimi, tarixçi-tədqiqatçı Ələsgər Mirzəzadə, Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək 28 May Müstəqillik Gününün Azərbaycan xalqının milli oyanışında oynadığı roldan bəhs etmiş və Azərbaycan xalqının qürur günü kimi həmişə qeyd olunacağını bildiriblər.