NDU-da beynəlxalq konfrans keçirildi - Fotolar

ndu-da-beynelxalq-konfrans-kecirildi
Oxunma sayı: 205

Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – Naxçıvan 2026) keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universiteti, Macarıstanın Széchenyi István Universiteti, Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti, Türkiyənin Qaradəniz Texniki Universiteti, Akdeniz Universiteti, Gümüşhane Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Pamukkale Universiteti, Bayburt Universiteti və Adıyaman Universitetinin tərəfdaşlığı ilə keçirilib.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Sonra konfrans iştirakçıları NDU kollektivi ilə birgə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər muzeydə Heydər Əliyevin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərinə, şəxsi əşyalarına, diplomatik görüşlərini əks etdirən sənədlərə və xatirə hədiyyələrinə baxış keçiriblər.

Daha sonra NDU-nun Memarlıq və mühəndislik fakültəsində təşkil olunan memarlıq sərgisinə baxış olub. Sərgi zamanı Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov tərəfindən NDU-nun rektoru Elbrus İsayevə Azərbaycanın 5 bölgəsinə məxsus xalça ornamentlərindən ibarət döş nişanları hədiyyə olunub.

Öz növbəsində fakültə kollektivi tərəfindən Memar Əcəmi ilə bağlı nəşrlər MDU nümayəndə heyətinə təqdim edilib.

Daha sonra qonaqlar Pedaqoji fakültədə nümayiş olunan əl işləri sərgisi ilə tanış olub, İnklüziv Təhsil Mərkəzi, kulinariya, xalçaçılıq və milli geyim otaqlarını ziyarət ediblər. Kampus gəzintisi NDU-nun İncəsənət fakültəsində təşkil olunan rəsm sərgisinə baxışla davam edib.

NDU-nun konqres mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün şəhərsalma və memarlıq sahəsində aparılan işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində yeni mərhələyə qədəm qoyulub. Rektor bildirib ki, bu proses innovativ yanaşmaların tətbiqi ilə müşayiət olunur. Ölkə Prezidentinin təşəbbüsü ilə “Ağıllı şəhər” və “Ağıllı kənd”  layihələri reallaşdırılır və müasir şəhərsalma modelinin formalaşmasına xidmət edir. Bu layihələr təkcə Azərbaycan üçün deyil, ümumilikdə, Türk dünyası və beynəlxalq təcrübə üçün də əhəmiyyətli nümunədir.

Bu gün inşa olunan yeni şəhər və kənd infrastrukturları gələcəyin şəhər modeli kimi çıxış edir və biz bu təcrübəni həm tədris prosesinə, həm də elmi tədqiqatlara inteqrasiya etməyi hədəfləyirik. Bu sahədə tələbələr və gənc tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında innovativ yanaşmalar əsasında universitetlərin nəzəri biliklə yanaşı, həm də praktik və sənaye yönümlü həllər formalaşdıran elmi mərkəzlər kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Rektor qeyd edib ki, universitetlərin qarşısında duran əsas vəzifələrdən biri elmi fəaliyyətin real sektorla inteqrasiyasını gücləndirməkdir. Bu baxımdan turizm və xidmət sənayesi ilə əlaqəli tədqiqatların genişləndirilməsi, sənaye yönümlü layihələrin təşviqi və magistr səviyyəsində hazırlanan dissertasiya işlərinin regional turizm inkişafı, mədəni irsin rəqəmsallaşdırılması kimi tətbiqyönümlü istiqamətlərə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

Gümüşhane Universitetinin rektoru Oktay Yıldız çıxışında bildirib ki, universitetlərin əsas fəaliyyət istiqamətləri təhsil, elmi tədqiqat və ictimai töhfə olmaqla üç əsas sütun üzərində qurulub. Rektor qeyd edib ki, Naxçıvan Dövlət Universitetində bu üç istiqamət üzrə ardıcıl və səmərəli fəaliyyət həyata keçirilir. O, xüsusilə universitetlərin turizm sahəsində gördüyü işlərin ictimai töhfə baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ölkəmizdə mədəni irsin qorunması, tarixi abidələrin bərpası, Turizm potensialının inkişaf etdirilməsi yönündə aparılan işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.

Video formatda çıxış edən Akdeniz Universitetinin rektoru prof. Dr. Özlenen Özkan və Pamukkale Universitetinin rektoru prof. Dr. Mahmud Güngör konfransın beynəlxalq əhəmiyyətini yüksək qiymətləndiriblər. Onlar mədəni irsin qorunması, dayanıqlı turizmin inkişafı və universitetlərarası elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

NDU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov qeyd edib ki, 2 gün davam edəcək konfransın bölmə iclaslarında 6 istiqamət üzrə 17 bölmədə ölkəmizin və dünyanın 40 elm-təhsil müəssisəsindən 212 əməkdaşın 156 məruzəsi, eyni zamanda tələbə bölməsində 10 tələbənin məruzəsi təqdim olunacaq.

 Rəsmi hissənin davamında qarşılıqlı hədiyyələr və plaketlər təqdim olunub, universitetin bir sıra əməkdaşına təşəkkürnamələr təqdim olunub.

Tədbir milli-mədəni dəyərlərimizi əks etdirən “Sazın sədası” adlı konsert proqramı ilə davam edib və iştirakçılara Azərbaycan aşıq sənətinin zəngin ənənələri təqdim edililib.