Qaçqın Budda

qacqin-budda
Oxunma sayı: 690

Bəzilərinin Budda kimi sitayiş etdiyi, digərlərinin nifrət etdiyi, mənim isə “nə ət, nə balıq” saydığım məhsullardan biri idi, Ağalar. Bu adam təxminən iki ay qeybə çəkildi. Nə eşidən vardı, nə müzakirə edən. Taleh Məmmədov demişkən “ictimai seks-tor” onda ayıldı ki, bəs Ağalar sərhədi keçib nəfəsi İsveçdə alıb.

Əməlin adı qoyulub siyasi mühacirlik. Bəhanəsi də - “dindar basqısı”. Siyasi mühacir o adama demək olar ki, məcburən gedib və qayıtmaqda israrlıdır. Məsələn, Rəsul Quliyev. Bunlar qaçqındırlar. İctimai sektorda zər atıb, Avropa rahatlığına sığınmaq üçün qaçanlar. Siyasətə dəxli olmayan adam kimi Ağalar Məmmədova siyasi qaçqın demək də düz çıxmır. Olsa-olsa “Qaçqın Budda”dır.

Bizim filosof-buddalar bir ayrı cür olur. Bizə hər şeyin “kitayski”si gəlir. Amma Buddanın da Çin malını görmədik. Budda əzablar çəkərək Nirvanaya çatmağı hədəfləmişdi. Ancaq əzablar gördükdən sonra gerçək xöşbəxtliyin nə olduğunu anlamışdı. Bizim “budda”lar elə birbaşa, əziyyət görmədən Nirvanaya çatırlar. Avropanın ən rahat ölkələrinin qoynunda.

İki ay susqunluqdan əvvəl nə olmuşdu? Yadınıza gələr, yanvarın əvvəli göydən bomba düşən kimi, ortalığa bir bəyanat düşdü. “54-lərin bəyanatı” Öyrəşdiyimiz hiddətli bəyanatlardan olsaydı, nə vardı ki? Qorxaqlığın, Avropa qarşısında acizcə yalvarışın məktubu idi. Siyasət sözünün keçmədiyi bu bəyanat elə bil kimisə Azərbaycandan qurtarıb, öz qucağına götürməyə çağırırdı. Müəllif də bəlli deyildi. Siyasətçilər, yazıçılar və digər tanınmışlar bir-birinin boğazına yapışmışdı. Ağalar sakitcə əlini daşın altına qoyub səsini çıxarmırdı.

Hər dövrün öz Şeyx Nəsrullahı var. Günümüzün Nəsrullahı Ağalar cildində zühr edib. “Şeyx Nəsrullah”lar nə dini təmsil edirlər, nə əqidəni. Onlar zamənəsinin lotularıdır. 100 il əvvəl ağzı dualı, ərəb əbası ilə qarşımıza çıxmışdılarsa, bugün Avropa geyimli ateist filosof şəklində mühazirə oxuyurlar. Zəmanə və qiyafə dəyişsə də, məqsəd eyni qalıb. Hər ikisi “ölüdiriltmək”lə “ölülər”ə kələk gəldi.

Rafiq Tağının qırxı çıxmamış bu “Şeyx Nəsrullah”lar “ölüdiriltmə” əməliyyatına girişdilər. Allah Mirzə Cəlilə min rəhmət eləsin. Elə bil günümüzün senarisini yazıb. İşi “Ölülər” pyesində olduğu kimi iki nəfər hazırlamışdı. İkinci zatən siyasi mühacirdir. Birinciyə “yer” hazırlayırdı. İkinci ilə işim yoxdur. Dediyinə görə, 2003-də başı bəlalar çəkib gedib.

Öncə məktub gəldi. E-maillərə və ünvanlara. Sonra inananlar(imza atanlar) aləmə səs saldı. İctimai sektor adlanan “ölülər” şəhəri bir-birinə dəydi. Ara qarışdı, məzhəb itdi. “54-lər” “+36” oldu. İmza atanlar həqiqətən inandı ki, bir bəyanatla Rafiq Tağını diriltmək olar. Onun dirildiyini Qərbə də, Şərqə də sübut etmək olar. “Ölülər”in qazancı nə oldu? Qarşılıqlı, nifaq, didişmədən başqa heç nə. Bir də onda ayıldılar ki, Ağalar adlı “Şeyx Nəsrullah” Arazı keçib. Əgər ayılıblarsa?

Mövqeyi bəlli olmayan adamlara heç zaman inanmamışam. AFU-da (Azad Fikir Universiteti) tez-tez mühazirə deyərdi. Bizim filosof-şarlatanların bir xüsusiyyəti var. Kütləyə xitab edərkən, bacardıqca qəliz dildən, latın, yunan, ingilis terminlərindən istifadə edirlər, amma heç nəyi aydın izah etməzlər. Sanki bu sözlərin dilimizdə qarşlığı yoxmuş. Tanış gəlirmi?! Eynən Şeyx Nəsrullah da nüfuzunu gözə soxmaq üçün sadə camaatın anlamadığı ərəb, fars sözlərindən geninə-boluna istifadə edirdi. Özlərini xalqdan bu qədər aralı tutduqlarına görə, heç vaxt bu filosof “budda”ların mühazirəsini dinləməyə getməmişəm.

Ağalar Məmmədovun müdafiəçilərinin arqumentlərinə görə, guya o, dindarların basqısı altında mühacirət etməli olub. Guya gec tərpənsəydi, onu da öldürəcəklərmiş. Bu ölkədə dindar kəsimdən daha məzlum, daha köməksiz təbəqə varmı? Avropa da onlara arxa çevirib. Lap əgər təzyiq altında idisə, iki-üç dindarı işarə verərdiz, iş bitərdi. Bu ölkədə dindar həbs etməkdən daha asan nə varki? Hətta ictimai dəstəyinizə görə MTN sizə təşəkkür məktubu ünvanlardı.

Düşünün, bugün həmin Kefli İsgəndər AFU əhlinin qarşısına çıxıb fransızcanı, ingiliscəni ərəb dilinə dəyişir. Əzilən dindarın dərdini ərəbcə danışıb, “Bəs mən danışanda niyə ağlamırsız?” deyə soruşur. “Axı biz səni başa düşmürük.” deyənlərə, “Bəs Ağalar Məmmədovu nə yaxşı başa düşürdüz” - deyə soruşmazmı?!

Bu yaxınlarda yazıçı Seymur Baycan kitab haqqında mühazirə deyirdi. “Ölülər”dən sitat gətirib, pyesin oxumuş adamları olan Mirzə Hüseyni, Əlibəyi deputat Nizami Paşayevlə müqayisə etmişdi. Mən “54-lərin bəyanatı”nda təkcə avam, gənc “ölülər”i görmədim. Mən orda Mirzə Hüseynləri, Əlibəyləri də gördüm. Necə də ironik deyilmi? Onlar da inanmışdı bu “Şeyx Nəsrullah”ın “ölüdiriltmə” qabiliyyətinə. Qatili belə müəyyən etmişdilər “nəsrullah”ların diktəsi ilə. Mən Kefli İsgəndər oldum, anlada bilmədim ki, “Qardaşım bu nə dindar-ateist qarşıdurmasıdır, nə İran-Azərbaycan savaşı. Bu yazıçılara “SUS” əmridir, siyasi qətldir. Rafiq Tağının qatilini tapmaq istəyirsinizsə, Ziya Bünyadovu yada salın.”

Əslində “ölülər”in bir çoxu Ağaların Şeyx Nəsrullah olduğunun fərqinə varmışdılar. Amma hansı qəflətə düşdüklərini qəbul etmək istəmirdilər. “Ölüdiriltmə” əməliyyatının real olduğunu, qatili tapdıqlarına inandırmaq istəyirdilər özlərini. Ortada məğlubiyyət vardı. İntellektin məğlubiyyəti. Bunu qəbul etmək həm ağırdır, həm çətin. Axundovun, Mirzə Cəlilin əsərlərini “oxuyun” deməklə deyil ki. Kitab siyahısı verib, Kefli İskəndər yetişdirəcəyini sanmaqla deyil ki. Gəl ki, işin içində bir gün “Şeyx Ağalar”ın “ölü”sü olmaq var. Bu gün ictimai sektorda “budda” məqamına iddia edən xeyli Şeyx Nəsrullah var. Ağıl öyrətməklə gənc qızları könüllü fahişəliyə təhrik edirlər. O qızlar bir də ayılanda anlayırlar ki, azad seksin ideya davamçıları yox, “Şeyx Nəsrullah”ların fahişələri imişlər.

“Ölülər” hələ də Arazın bu tayında qalıb, Şeyx Nəsrullah isə o taya keçib. Ağalar Məmmədova isə deməyə bir söz qalır: “Ay, Lotu…”