Müsavat Partiyasının yeni başqanı- - Arif Hacılı+Yenilənib

musavat-partiyasinin-yeni-basqani-
Oxunma sayı: 4986


Müsavat Partiyasının 8 saatdır davam edən başqanlıq seçkisi başa çatıb. 

“Qafqazinfo”xəbər verir ki, səsvermənin nəticələri bəlli olub. İlk olaraq namizədlərdən Arif Hacılının səsləri sayılıb.

Səsvermədə 450 nəfər iştirak edib. Səs verən 448 nəfərdən 228-i Arif Hacılını dəstəkləyib. Beləliklə, Arif Hacılı Müsavat Partiyasının yeni başqanı olub. Qubad İbadoğlu 200, Tural Abbaslı – 19  səs toplayıb.

Qeyd edək ki, başqanlıq postuna üç iddialı var idi: Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı. Belə ki, Səxavət Əlisoy namizədliyini son anda Qubad İbadoğlunun xeyrinə geri götürdü.

***

Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən yeni başqan 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Elçibəy hakimiyyəti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə işləri üzrə Dövlət Müşaviri, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub. 

2003-cü ildə icazəsiz aksiyaların əsas təşkilatçısı kimi tutularaq 5 il müddətinə həbs edilən Arif  Hacılı 2011-ci il aprelin 2-də yenidən eyni səbəblə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

O, 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür. 

Başqanlığa qədər Arif Hacılı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri idi.