Oxumayanlar avam, oxuyanlar “alkaş”olur...

oxumayanlar-avam-oxuyanlar-alkasolur
Oxunma sayı: 2451

Seymur Verdizadə

Azərbaycanda dini maarifçilik işini gücləndirməyə ehtiyac var. Dini xurafatla qarışdıran insanların sayı son vaxtlar daha da artıb. Mövhumatçılıq “meydan sulayır”. Buna görə də falçılar, cadugərlər, həkimlərdən, müəllimlərdən yaxşı yaşayırlar. Təkcə avamlar deyil, özlərini ağıllı sayan bəzi adamlar da pişik görəndə yollarını dəyişirlər. Bakıda yeni inşa olunan göydələnlərin çoxunda mənzillərin sıralamasımda 12-dən sonra 14 rəqəmi gəlir. Çünki biz azərbaycanlılar 13-ü nəhs rəqəm sayırıq...

Xurafatın İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam peyğəmbəri həmişə mövhumata qarşı olub. Məhəmməd peyğəmbər deyirdi: “Şübhə yoxdur ki, mənasız sözlərlə cadu etmək və etdirmək, bəd nəzərdən qorunsun, - deyə uşaqların üstünə bir şey tikmək, başqasının məhəbbətini qazansın, - deyə dua yazmaq və yazdırmaq Allaha hörmətsizlikdir”. İyirmi birinci əsrdə yaşasaq da, hələ də həkim əvəzinə mollanın qapısını döyən, canındakı ağrılardan xilas olmaq üçün xəstəxananın əvəzinə pirə üz tutanlar var.

Mən, pirlərə, müqəddəs ziyarətgahlara baş çəkməyin əleyhinə deyiləm. Xalqın inancına, min illərdən bəri formalaşmış adət-ənənəsinə hörmət etmək lazımdır. Doğulub boya-başa çatdığım Cəbrayıl rayonunda “Hacı Qaraman” adlı müqəddəs ziyarətgah vardı. Valideynlərimiz bizi ildə bir dəfə həmin ziyarətgaha aparırdılar. Universitetə qəbul olanda nənəm “Hacı Qaraman”dakı bütün daşları öpdü. O vaxt rəhmətlik arvadı heç cür inandıra bilmədim ki, tələbə biletini yuxusuz keçirdiyim gecələrin hesabına almışam. Cəbrayıllılar elmə, yeniliyə meylli camaat olduğu üçün heç bir ziyarətgah bizim rayonda mövhumatçılığa yol açmırdı. Bizlər “Hacı Qaraman”a, “Mazan nənə”yə, o cümlədən, digər ziyarətgahlara mənəvi dinclik tapmaq, paklaşmaq üçün can atırdıq. Məncə, insanlar müqəddəs yerlərə mənəvi cəhətdən zənginləşmək üçün getməlidirlər. İman sahibi olan adam daşdan, dərə-təpədən deyil, Allahdan imdad diləməlidir.

Xurafata qarşı mübarizənin əsasını elmin təbliği təşkil edir. Təəssüf ki, yazıb-oxuyan, əlindən kitab düşməyən adamlar heç də həmişə nümunəvi vətəndaş ola bilmirlər. İstisnaları nəzərə almasaq, əminliklə deyə bilərik ki, oxumayanlar avam, oxuyub-yazanlar isə çox vaxt “alkaş” olurlar. Heç kim inciməsin, şair və yazıçıların əksəriyyətinin əlində çox vaxt “rumka” olur. Otuz-otzu beş yaşlı yazıçı tanıyıram ki, qaraciyər serrozundan əziyyət çəkir. Hətta bununla fəxr edənlər də var. Yeddi-səkkiz il əvvəl Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocadan müsahibə götürəndə özlərini ədəbi müxalifət elan edən gənc yazarlara belə bir mesaj göndərmişdi: “Mən onlarla bütün sahələrdə, hətta araq içməkdə də yarışa bilərəm”.

Ötən həftə gənc yazar Mirmehdi Ağaoğlunun yenicə işıq üzü görmüş “Bir az səbr elə” adlı kitabının “Kibrit” kafesində baş tutan təqdimat mərasiminə qatılmışdım. Mirmehdi bəyin sözünün işığına yığışanların əksəriyyətinin gənclər olması məni çox sevindirdi. Amma bu sevincin üstünə su çiləyən, qəlbimi göynədən bir məqam vardı: oğlanlı qızlı hərənin əlində bir siqaret tüstüləyirdi. Savadsız adamlarla işimiz yoxdur, amma savadlı adamlar bilməlidirlər ki, siqaret çəkmək insan orqanizmi üçün son dərəcə zərərlidir. Bunu bilə-bilə niyə canımıza qəsd edirik? Bəlkə də bir əlimizdə “rumka”, digər əlimizdə siqaret tutduğumuz üçün oxucu həmin əllərin yaratdığı ədəbi nümunələrə etinasız yanaşır...

P.S.Azərbaycan cəmiyyətinin Kefli İskəndərə ehtiyacı yoxdur. İndi həssas dövrdür, ayıq olmaq lazımdır...