“İnsan alverinə dair qlobal hesabatlara nəzər saldıqda rəqəmlər dəhşətli mənzərəni ortaya qoyur. Monitorinq təşkilatı (Our Rescue) bildirir ki, hər gün internetdə, sosial mediada 500.000 insan alveri üzrə şəbəkə üzvü onlayn platformlarda azyaşlıları sosial media hesabında tora salmağa çalışır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Beynəlxalq Əmək Təşkilatının hesabatı göstərir ki, məcburi cinsi istismar hər il 173 milyard dollar qanunsuz gəlir gətirir. 2022-ci ildə qlobal miqyasda aşkar edilmiş insan alveri qurbanlarının sayında 2019-cu illə müqayisədə 25% artım var. Uşaqlar aşkar edilmiş qurbanların 38%-ni təşkil edib, 2019-cu ildən bəri uşaqların aşkarlanması 31% artıb. Qızların aşkarlanmalarında daha kəskin - 38% artım müşahidə ediblər. Qadınlar və qızlar aşkar edilmiş qurbanların 61%-ni təşkil edirdi. Yetkin qadınlar 39%, qızlar isə 22%-ini təşkil edib.
Məcburi əmək insan alverinin ən geniş yayılmış forması kimi ortaya çıxıb və aşkar edilmiş qurbanların 42%-ni təşkil edib və cinsi istismarı 36%-i ötüb. Məcburi cinayət, o cümlədən onlayn fırıldaqlar üçün insan alveri 2016-cı ildəki 1%-dən 2022-ci ildə 8%-ə yüksəlib. Afrika ölkələrindən olan qurbanlar 128 müxtəlif ölkəyə insan alverinə məruz qalmış, bu da Afrikanı əhəmiyyətli bir mənbə bölgəsinə çevirib”, - deyə komitə sədri qeyd edib.
***
Zahid Oruc əlavə edib ki, 2005-2024-cü illərdə insan alveri ilə bağlı 552-i qadın, 98-i kişi məsuliyyətə cəlb edilib: “Ötənilki hesabatda müvafiq rəqəmlər - 541 qadın, 95 kişi təşkil edib. 2005-2024-cü illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alverçiləri 650 nəfər (ötən il 636) təşkil edib. Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalar – 1-i azadlıqdan məhrumetmə, 4-ü şərti cəza olub. Ötənilki hesabatda 11 azadlıqdan məhrumetmə cəzası mövcud idi. İnsan alveri ilə bağlı 15 (ötən il 17), digər cinayətlərə görə 15 axtarışda olan (ötən il 6), təqsirləndirilən şəxslər var.
Vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşamasının, cinayət əməllərindən qorunmasının təmin edən güc strukturları insan alveri ilə mübarizə sahəsində də öz işlərini ildən-ilə təkmilləşdirirlər”.
Nuranə Daxilqızı