10 illik məhkəmə çəkişmələri başa çatır

10-illik-mehkeme-cekismeleri-basa-catir
Oxunma sayı: 986

Hollivudun əfsanəvi cütlüklərindən olan Bred Pitt və Ancelina Coli arasındakı 10 illik məhkəmə savaşı və övladlarının qəyyumluğu uğrunda mübarizə başa çatır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin tanınmış “Page Six” nəşri məlumat yayıb.

Məlumata görə, iyulun 12-də cütlüyün kiçik övladları – əkizlər Vivyen və Noks 18 yaşını qeyd edəcəklər.

Bu ad günü həm də onların valideynləri arasında 2016-cı ilin sentyabrından bəri davam edən rəsmi qəyyumluq müqaviləsinin hüquqi qüvvəsini itirməsi deməkdir. İndiyədək qüvvədə olan qərara əsasən, əsas qəyyumluq Colidə idi, Pitt isə azyaşlı uşaqlarını görmək hüququna sahib idi. Artıq əkizlər də yetkinlik yaşına çatdığı üçün Bred Pittin övladları üzərində heç bir hüquqi sərəncamı qalmır. Bundan əlavə, övladlarının bir neçəsi də onun soyadından rəsmi şəkildə imtina ediblər.

Nəşr yazır ki, A. Coli uşaqları, B. Pittdən tamamilə uzaqlaşdırıb və qəsdən təcrid edib. Lakin Colinin yaxınları bu iddianı qətiyyətlə rədd edib. Bildirilir ki, uşaqlar yetkin fərdlər kimi öz qərarlarını özləri verirlər və bu qərara 10 il əvvəl şəxsi təyyarədə baş verən məlum zorakılıq hadisəsi, eləcə də Pittin öz davranışlarını gizlətməyə çalışması təsir edib.

Xatırladaq ki, Coli 2016-cı ildə Fransadan ABŞ-yə uçan şəxsi təyyarədə Pittin ona və uşaqlarına qarşı fiziki və şifahi zorakılıq tətbiq etdiyini iddia etmişdi. Pitt isə ittihamları rədd edərək, həmin hadisədən sonra spirtli içki aludəçiliyinə son qoymuşdu.