Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, tədbir açıq elan edildikdən sonra Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkə başçısının təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatə dairəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib.
İlkin müzakirələr zamanı vurğulanıb ki, Bakıda keçirilən beynəlxalq forum xüsusi xidmət və təhlükəsizlik orqanları üçün vacib dialoq platformasıdır. 600-ə yaxın yüksəksəviyyəli nümayəndənin iştirakı qlobal təhlükələrə qarşı Forum çərçivəsində 2023-cü ildən başlanan davamlı dialoqun coğrafi miqyasının genişləndiyini göstərir, milli təcrübələrin müqayisəsi, peşəkar əlaqələrin inkişafı və birgə həllərin axtarışı üçün geniş imkanlar yaradır. Tərəfdaş qurumların rəhbərlərinin geniş iştirakı Bakı platformasına olan etimadı göstərir və müzakirələrin praktiki əməkdaşlığa çevrilməsi imkanlarını artırır.
Həmçinin qeyd edilib ki, Forum siyasi yanaşmalardakı fərqlərə baxmayaraq, əməkdaşlığı təşviq etməsi, ortaq təhlükələrə qarşı ünsiyyət kanallarının qorunması baxımından əhəmiyyətlidir. Belə ki, beynəlxalq təhlükəsizlik sistemində transformasiya gedir - terrorçuluq, transmilli cinayətkarlıq, qeyri-qanuni miqrasiya, narkotik dövriyyəsi və kibercinayətkarlıq halları artır. Transsərhəd çağırışlarla təkbaşına mübarizə aparmaq isə mümkün deyil. Bu səbəbdən etibarlı tərəfdaşlıq vacibdir. Çünki təhlükəsizlik təkcə sərhədlərin qorunması deyil. Enerji, nəqliyyat, bank, su ehtiyatları, rabitə və informasiya məkanı dövlət xidmətlərinin dayanıqlığının mühüm tərkib hissələridir.
Eyni zamanda, diqqətə çatdırılıb ki, kiberimkanlar, süni intellekt və kosmik sistemlər uğrunda qlobal rəqabət güclənir. Silahlanma xərcləri və münaqişələr regional proseslərə, enerji və ərzaq təhlükəsizliyinə ciddi təsir edərək, terrorçuluq üçün əlverişli zəmin yaradır. Dünyanın istənilən regionundakı böhranlar qısa müddətdə qlobal təhlükəyə çevrilə bilər. Bakı Təhlükəsizlik Forumunda risklərin və təhdidlərin qarşılıqlı əlaqədə qiymətləndirilməsi isə ölkələrin daha hazırlıqlı olmasına xidmət edir.
Son xəbərlər
Son Xəbərlər