16 yaşlı qızı öldürən şəxs tutuldu - Nişanlısı imiş

16-yasli-qizi-olduren-sexs-tutuldu
Oxunma sayı: 32765

Bu gün Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın boğazını kəsərək qətlə yetirən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məscidin qarşısında H.Rəcəbovanı qətlə yetirən şəxsin 1996-cı il təvəllüdlü Həsənov Murad İlham oğlu olması müəyyən edilib. Abşeron RPİ Qobu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Murad Həsənov 16 yaşı dekabrda tamam olacaq H.Rəcəbova ilə nişanlı olub. O bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

Araşdırmalar davam etdirilir.

***

Abşeron rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, bu gün 2006-cı il təvəllüdlü qızın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun bıçaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.

Nizam Rza