“Maxxing” internet jarqonu Dictionary.com tərəfindən 2026-cı ilin sözü seçilib.
“Qafqazinfo”nun xəbərinə görə, gənc nəsillər arasında populyarlaşan bu ifadə hər hansı bir sahədə maksimum nəticə əldə etməyə və imkanları son həddə qədər artırmağa çalışmaq mənasını verir.
“Maxxing” sözü “maximizing” (“maksimuma çatdırmaq”) sözünün qısaldılmış formasıdır. Termin əvvəlcə kredit kartının limitindən tam istifadə və videooyun mədəniyyəti ilə əlaqəli işlədilsə də, sonradan sosial mediada daha geniş yayılıb.
Sözün populyarlaşmasında xüsusilə “looksmaxxing” ifadəsi mühüm rol oynayıb. Bu termin insanın xarici görünüşünü yaxşılaşdırmaq üçün idman, şəxsi qulluq və digər üsullardan istifadə etməsini nəzərdə tutur. İfadə 2010-cu illərdə kişilərə yönəlmiş bəzi internet icmalarında, o cümlədən, “manosfer” və “incel” submədəniyyətlərində yayılmağa başlayıb.
Son illərdə “maxxing” anlayışı müxtəlif fəaliyyət sahələrinə uyğunlaşdırılıb. Məsələn, “sleepmaxxing” yuxunun müddətini və keyfiyyətini artırmağa, “softmaxxing” xarici görünüşdə kiçik dəyişikliklər etməyə, “hardmaxxing” isə daha radikal fiziki dəyişikliklərə yönələn yanaşmaları ifadə edir. “Jestermaxxing” yumor vasitəsilə sosial qəbul qazanmağa, “proteinmaxxing” zülal qəbulunu artırmağa, “tokenmaxxing” isə süni intellekt alətlərindən istifadənin həcmini yüksəltməyə aid edilir.
Dictionary.com-un daxil olduğu “IXL Learning” şirkətinin leksikoqrafiya direktoru Stiv Conson bildirib ki, “maxxing” müasir cəmiyyətdə hər şeydən mümkün qədər çox faydalanmaq istəyinin dildə əksini tapmasıdır. Onun sözlərinə görə, insanlar bu anlayışı bəzən ciddi qəbul edir, bəzən isə həddindən artıq optimallaşdırma meylini yumor vasitəsilə tənqid edirlər.
Bununla belə, terminin bəzi formaları mübahisələrə səbəb olur. Xüsusilə görünüşü dəyişdirmək naminə ekstremal pəhrizlərə, cərrahi müdaxilələrə və digər riskli üsullara üz tutmağı nəzərdə tutan yanaşmalar tənqid edilir.
Dictionary.com-un 2026-cı il üçün seçdiyi sözlər siyahısına “maxxing”lə yanaşı, “accessibility” (“əlçatanlıq”), “data center” (“məlumat mərkəzi”), “Odysseus” və “unc” da daxil edilib.
“Unc” ingilis dilində “uncle” (“əmi”, “dayı”) sözünün qısaldılmış formasıdır. Gənclər bu ifadəni bəzən yaşlı, yaxud özlərini gənc nəsildən uzaq aparan insanlara münasibətdə işlədirlər. “Odysseus” sözünün siyahıya daxil edilməsi isə Kristofer Nolanın Homerin eposu əsasında çəkdiyi filmlə bağlı axtarış marağının artması ilə əlaqələndirilir.
Son xəbərlər
Son Xəbərlər