2050-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq

2050-ci-ile-qeder-dunya-ehalisinin-70-faizi-seherlerde-yasayacaq
Oxunma sayı: 469

“İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası uzaq təhlükələr deyil. Bunlar artıq iqtisadi artıma, sosial rifaha, infrastrukturun vəziyyətinə, məhsuldarlığa, ictimai sağlamlığa və uzunmüddətli inkişaf göstəricilərinə təsir edən struktur reallıqlardır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində keçirilən “Strateji Ekoloji Qiymətləndirmə  şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi” tədbirində çıxışı zamanı iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib. 

O bildirib ki, bu reallığı rəqəmlər açıq şəkildə göstərir: “Hazırda dünya əhalisinin 58 faizi şəhərlərdə yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70 faizə çatacağı proqnozlaşdırılır. Şəhərlər qlobal istixana qazı emissiyalarının 70 faizinə və enerji istehlakının 75 faizinə səbəb olur.

1970–2021-ci illər arasında ekstremal hava və iqlim hadisələri nəticəsində iqtisadi itkilər 4,4 trilyon ABŞ dollarına çatıb və bu rəqəm artmaqda davam edir. İnfrastruktur və yaşayış məntəqələrinin məruz qaldığı təzyiqlər bunun yalnız bir göstəricisidir.

Məhz buna görə də dayanıqlı inkişaf iqtisadi dayanıqlılıq, sosial inklüzivlik və ekoloji davamlılıq kimi üç əsas istiqamətə eyni dərəcədə diqqət ayırmalıdır. Bu sahələr bir-birini tamamlayır və şəhərlər iqlim fəaliyyətinin əsas iştirakçılarına çevrilir”.

Nazir müşavirinin sözlərinə görə, Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrası həm dünyada, həm də Azərbaycanda prioritet istiqamətlərdən biridir: “2030-cu ilə gedən yolun yarısına çatdığımız bir dövrdə görürük ki, SDG-lərlə bağlı qlobal hədəflərin 85 faizi hələ də tam icra olunmayıb. Buna görə də SDG-lərin şəhərsalma və siyasətlərin hazırlanması prosesinə inteqrasiyası artıq seçim deyil, zərurətdir.

Azərbaycan bu istiqamətdə dörd Könüllü Milli Hesabat təqdim edib, 50-dən çox dövlət proqramı və strategiyasını SDG hədəfləri ilə uyğunlaşdırıb, həmçinin institusional koordinasiya mexanizmləri yaradıb.

Hazırda Azərbaycan BMT-yə üzv 193 ölkə arasında dörd Könüllü Milli Hesabat təqdim edən ilk 10 ölkə sırasındadır və bu məsuliyyəti qlobal səviyyədə üzərinə götürən dövlətlərdən biridir”. 

H. Hüseynov vurğulayıb ki, ən vacib məsələlərdən biri isə Şuşa və Naxçıvan kimi şəhərlərdə SDG-lərin lokallaşdırılması üzrə struktur prosesin başlanmasıdır: “Bu addım qlobal öhdəliklərin yerli nəticələrə çevrilməsinə xidmət edir.

Bu yanaşma daha inklüziv şəhərsalmanı, faktlara əsaslanan yerli idarəetməni, daha keyfiyyətli infrastrukturu, güclü iqlim dayanıqlılığını və ictimai xidmətlərin yaxşılaşdırılmasını təşviq edir. Strateji ekoloji qiymətləndirmə isə bu prosesdə mühüm alətlərdən biri kimi çıxış edir”.

Lamiyə Məmmədova