Edin Ceko müasir futbolun son xalq qəhrəmanlarından biridir. Veteran hücumçu “The Players’ Tribune” üçün qələmə aldığı məktubda bosniyalı uşaqlara səslənib. Müharibə, ölüm və aclıq içində keçən uşaqlığından kiçik bir ölkənin milli komandası ilə yaşadığı tarixi zəfərlərə qədər həyat yolunun ən təsirli məqamlarını bölüşüb.
Məktubu oxuyub bitirəndə gözlərimin dolduğunu istər-istəməz hiss etdim. Məni ən çox təsirləndirən məqamlardan biri də işini vicdanla, dürüst və ləyaqətlə görən insanların sonda haqq etdikləri zəfəri qazanmasıdır.
Edin Dzeko mənim üçün sadəcə böyük futbolçu deyil. O, müharibənin dağıntıları arasından çıxıb ümidini itirməyən, xalqını hər zaman qürurla təmsil edən və bütün çətinliklərə baxmayaraq arzularından vaz keçməyən əsl qəhrəmandır:
Edin Cekonun uşaqlara yazdığı məktub:
Bosniya və Herseqovinanın uşaqlarına
Əziz Bosniya və Herseqovinalı uşaqlar,
Sizə demək istədiyim cəmi bir şey var.
Heç nə mümkünsüz deyil.
Heç nə.
Biz bosniyalı olduğumuz üçün şanslıyıq. Bunu təkcə öz arzusunu həyata keçirmiş bir insan kimi demirəm. Bunu müharibədən sağ çıxmış, taleyi çox asanlıqla tamam başqa cür ola biləcək bir uşaq kimi deyirəm.
Mən Sarayevonun mühasirəsi haqqında danışmağı sevmirəm. Amma bunun əslində necə olduğunu bilməyiniz vacibdir. Hər şey başlayanda altı yaşım vardı. İlk siren səslərini hələ də xatırlayıram. Anam məni qucaqladı və birlikdə ayaqqabı dolabının arxasında gizləndik. Bu, ilk gün idi.
Və bu vəziyyət dörd il davam etdi.
Baş verənləri tam dərk etmirdik, amma hər gün qorxu içində yaşayırdıq. Evimiz artıq təhlükəsiz olmadıqda babamgilin mənzilinə köçdük. Təxminən 40 kvadratmetrlik evdə 15 nəfər — əmioğlularım, bibi və əmilərimlə birlikdə — hamımız döşəmədə yatırdıq.
Vaxt keçirmək üçün Monopoly oynayırdıq. Bu oyunu tanıyırsınız? Küçəyə çıxmaq təhlükəli idi, çünki şəhər snayperlərin nəzarəti altında idi. Mən və əmioğlularım eyvanın yanında yerdə oturub saatlarla oynayardıq. Siren səslərini, bombaların partlayışını eşidərdik. Bəzən yer elə titrəyirdi ki, Monopoly fiqurları döşəməyə səpələnirdi.
Amma oyuna aludə olduğumuz o qısa anlarda hər şeyi unudurduq. Bir neçə dəqiqəlik olsa belə, müharibə yadımızdan çıxırdı.
Ətrafımızdakı dünyanın dağıldığını unudurduq.
Və cəmi bir neçə dəqiqəlik sadəcə uşaq olmağa icazə verilirdi.
Əslində isə hamımız küçədə futbol oynamaq istəyirdik. Hər gün günahsız insanların təcili yardım maşınlarına daşındığını görürdük. Amma bir uşağı dörd il evdə saxlamaq mümkün deyil. Valideynlərimiz də bunu bilirdi. Hərdən ətraf sakit görünəndə anam qapını açırdı və mən məhəllənin uşaqları ilə futbol oynamağa qaçırdım.
Anamın həmin an üzündəki ifadəni heç vaxt unutmayacağam. O, zəif də olsa gülümsəyirdi, çünki məni oynayarkən xoşbəxt görürdü. Amma gözlərinə baxanda hiss edirdim ki, içində böyük bir qorxu var. Bəlkə də bir daha geri qayıtmayacağımdan narahat idi.
Hamımız vaxtaşırı küçəyə çıxmalı olurduq. Su tez-tez qurtarırdı. Vedrələri götürüb küçədə növbəyə dayanır, onları doldururduq. Elektrik yox idi, liftlər işləmirdi. Ona görə də suyu pillələrlə yuxarı qaldırırdıq: üçüncü mərtəbə… dördüncü mərtəbə… qarşıda hələ altı mərtəbə də vardı. Yəqin ki, o vaxt Sarayevonun fiziki cəhətdən ən dözümlü uşaqlarından biri mən idim.
Yemək də böyük problem idi. Valideynlərimiz ərzaq tapmaq üçün həyatlarını təhlükəyə atırdılar. Amma bəzən sanki möcüzə baş verirdi: göydən yemək dolu qutular enirdi. Biz onlara “nahar qutularımız” deyirdik. Haradan gəldiklərini bilmirdik və bunu düşünmürdük də. Əslində onlar hərbi ərzaq payları idi. Amma bizim üçün inanılmaz dadlı görünürdülər. Hər gün eyni yeməyi yedikdə adi bir fıstıq əzməsi belə göydən gəlmiş hədiyyə təsiri bağışlayır.
Sonda biz sağ qala bildik.
Bu gün geriyə baxanda o balaca uşaqların nə qədər güclü olduğuna heyrət edirəm. Amma o müharibənin heç bir mənası yox idi. Bu qədər günahsız insan öldürüldü.
Nə üçün?
Pul üçün.
Hakimiyyət üçün.
Eqo üçün.
Əslində isə heç nə üçün.
Bu gün xəbərlərdə müharibə görəndə ürəyim sıxılır.
Mən dünyanın heç bir yerində bunun təkrarlanmasını istəmirəm.
Amma nədənsə böyüklər heç vaxt dərs çıxarmırlar.
Mühasirə bitəndə təxminən on yaşım vardı. Futbolçu olmaq kimi bir planım yox idi.
Bu mənə o qədər əlçatmaz görünürdü ki, heç xəyalını belə qurmurdum. Hər şey dağıdılmışdı. Bu gün gördüyünüz ot örtüklü meydançalar o vaxt tamamilə yanıb kül olmuşdu. Mən sadəcə futbolu sevdiyim üçün oynamağa davam edirdim.
Atam ilk aylarda məni məktəbin idman zalına aparırdı və orada məşq edirdim. Sonra meydançaları təmizlədilər və yanmış torpağın üzərində yenidən ağ xətlər çəkdilər.
Atamın işi çörək və şirniyyat çatdırmaq idi. Mən ilk klubuma qoşulandan sonra isə işinə fasilə verib məni məşqlərə aparırdı. Yolboyu həmişə deyirdi: “Xeyirxah ol. İnsanlara haradan gəlmələrindən və nə iş görmələrindən asılı olmayaraq eyni münasibət göstər.”
Bu sözləri heç vaxt unutmadım. O özü də aşağı liqalarda futbol oynamışdı və mənim qəhrəmanım idi. Hər dəfə maşından düşəndə əlimə bir banan verər və “Uğurlar, oğlum” deyərdi.
Həftəsonları birlikdə futbol izləyirdik. (Bu, anamla baxdığım Meksika seriallarından qısa bir fasilə idi.) O dövrdə A Seriyası dünyanın ən güclü liqası sayılırdı. “Milan”ın hücumçusu Andriy Şevçenkonu tanıyırsınız? Mən ona vurğun idim. İtaliyanı sevirdim. Ora mənə dünyanın o başında yerləşən bir nağıl ölkəsi kimi görünürdü. Orada futbol oynamaq xəyal kimi idi. Mənim ən böyük arzum sadəcə “Jeljezniçar”ın əsas komandasında çıxış etmək idi. Məşqçilərimdən biri sarışın olduğuma və çox qol vurduğuma görə mənə “Şeva” deyirdi. Mən də etiraz etmirdim.
On doqquz yaşım olanda başqa bir məşqçi gəldi və məni Çexiyaya aparmaq istədiyini dedi. Bosniyadan ayrılmaq istəmirdim, amma orada arzuma çatmaq şansımın daha yüksək olacağını söylədi. Düzünü desəm, mən özüm də arzumun tam nə olduğunu bilmirdim. Sadəcə inkişaf etmək istəyirdim. Özümə inanırdım. Bədənimin ən güclü hissəsi əzələlərim yox, düşüncə tərzim idi.
“Teplice”yə gələndə özümə dedim: “Edin, hamıdan çox işləməlisən. Yoxsa səni geri göndərəcəklər.”
Klub məni 25 min avroya transfer etmişdi.
Təxminən iki ildən sonra “Volfsburq”la müqavilə bağladım. “Milan”la oyunda Şevçenko ilə forma dəyişdim.
Daha sonra “Mançester Siti” məni 37 milyon avroya transfer etdi. Ardınca “Roma”ya keçdim. Müharibənin içində böyümüşdüm. Birdən-birə isə nağılın içində yaşayırdım. Heç nə mümkünsüz deyil.
Hətta Bosniya və Herseqovinanı Dünya Çempionatına çıxarmaq belə.
2014-cü ili xatırlayırsınız? Çoxunuz o vaxt hələ dünyaya gəlməmişdiniz. Amma ilk dəfə Dünya Çempionatına vəsiqə qazandığımız gün həyatımızın ən möhtəşəm günü idi.
Həlledici oyunu Litvada köhnə bir stadionda oynayırdıq. Hakim son fiti səsləndirən kimi bosniyalı azarkeşlər iki metrlik divarları aşaraq meydana qaçmağa başladılar. Mən dönüb onlara baxanda düşündüm: “İlahi, bunlar dəli olublar.”
Sonra bir nəfərin digərlərindən yavaş qaçdığını gördüm. Axsayırdı və gözləri yaş içində mənə yaxınlaşırdı.
O, atam idi.
Soruşdum:
- Ata, nə olub?
Dedi:
- Divardan tullananda ayağımı incitmişəm. Amma narahat olma, indi heç nə hiss etmirəm.
Biz sadəcə qucaqlaşıb ağladıq.
Təəssüf ki, Braziliyadakı Dünya Çempionatında bəxt üzümüzə gülmədi. Nigeriyaya vurduğum qol sayılmalı idi, amma o vaxt VAR sistemi yox idi və biz qrupdan çıxa bilmədik. Yenə də kiçik ölkəmiz Marakana stadionunda oynadı və bütün dünyaya kim olduğumuzu göstərdi.
İndi isə yenidən geri qayıtmışıq.
Bilirsiniz, qəribəsi nədir? Mart ayında 40 yaşım tamam oldu və mən bunu hələ də qeyd etməmişəm. Ramazan ayı idi, sonra isə Uels və İtaliya ilə vacib oyunlarımız vardı. Öz-özümə dedim: “Elə mənim bayramım da bu oyunlar olacaq.”
Uelslə oyunda hesab 0:1 idi. Tabloya baxdım:
85:00.
Vaxt azalırdı.
İçimdə yalnız təşviş vardı.
Sonra künc zərbəsi qazandıq. Məni boy-buxunca kiçik bir futbolçu qoruyurdu. Öz-özümə “Əla!” dedim. Topa toxunub onu tora göndərdim. Sevinərkən birdən yadıma düşdü ki, karyeram ərzində iştirak etdiyim dörd penaltilər seriyasının hamısını uduzmuşam.
Xoşbəxtlikdən gənclərimiz penalti vurmağı yaxşı bacarırlar. Onlar bizim kimi hər şeyi artıq düşünmürlər.
Zenitsada İtaliya ilə oynayanda Canluici Donnarummadan çox çəkinirdim. O qədər böyük qapıçıdır ki… Düzünü desəm, penaltilərdə ona qol vurub-vura bilməyəcəyimdən əmin deyildim. Amma əlavə vaxtın son dəqiqəsində sağ çiynimi zədələdim və meydanı tərk etməli oldum.
İlk penaltiyə baxmadım. Fizioterapevt qolumu sinəmə sarıyırdı. Ehtiyat oyunçular skamyasında oturmuşdum və məşqçilər mənim qarşısını kəsmişdilər. Top qapıya daxil olanda tribunaların gurultusunu eşitdim və düşündüm:
“Bəlkə də baxmamağım uğur gətirir.”
“Qoy sadəcə azarkeşlərimin səsini dinləyim.”
İtaliya ilk penaltini qaçıranda stadion lərzəyə gəldi.
Sonra birini də qaçırdılar.
Mən isə dayanmadan dua edirdim.
Qərarverici penaltini Esmir vurmağa hazırlaşanda baş məşqçimiz çevrilib dedi:
“Mən də baxa bilmirəm.”
Yanıma gəlib məni möhkəm qucaqladı. Başlarımızı bir-birinə söykədik, gözlərimizi yumduq və sadəcə dinlədik.
Topa zərbə endirilən səsi eşitdik.
Tribunalar “Aaaah…” deyə nəfəsini tutdu.
Donnarumma topa toxundu.
Hamı “Ooooh…” dedi.
Bir anlıq stadion tamamilə susdu.
Ömrümün ən uzun anı idi.
Və sonra…
Partlayış kimi sevinc qopdu.
Qışqırıqlar, məşəllər, tüstü, atəşfəşanlıq…
Hamı meydana qaçdı.
Mən məşqçimi daha da bərk qucaqladım, başımı göyə qaldırdım və həyatımın ən gur səsini çıxardım.
Kiçik ölkəmiz yenidən Dünya Çempionatına gedirdi.
Bura qədər gəlmək heç vaxt asan olmayıb.
Qırx yaşında səhər yuxudan bel ağrısı ilə oyanırsan və yenə ağrıkəsiciyə əl atmalı olursan. Amma bədənim dayanmaq istəyəndə qaçırdığım bayramları, ailəmdən uzaqda keçirdiyim ayları, dostlarım dəniz kənarında istirahət edərkən mənim turnirlərdə olduğumu xatırlayıram.
Psixoloji cəhətdən bu çox ağırdır.
Tənqidlər hələ də insanı incidir.
Amma meydana çıxanda yenə özümü sizlərdən biri kimi hiss edirəm.
Qarnımda həyəcan var.
Gözlərimdə isə arzular.
Və hər dəfə eyni nəticəyə gəlirəm:
Bütün bunlara dəyər.
Hər şeyə.
Çünki çətin günlər olmasa, gözəl günlər də gəlməz.
İtaliyanı məğlub etdikdən sonra A Seriyasında birlikdə oynadığım dostlarımla görüşdüm. Sonra tribunaya qalxıb ailəmi tapdım. Həyat yoldaşımı öpdüm. Valideynlərimi qucaqladım.
Onlar olmasaydı, bunların heç biri baş verməzdi.
Həmin gecə Zenitsada olmaq belə möhtəşəm idi. Bosniyadan nə qədər uzaq düşürəmsə, onu bir o qədər çox sevirəm. Artıq iyirmi ildir ölkəmdən kənardayam. Onun doqquz ilini İtaliyada keçirmişəm. Uşaqlarım Romada doğulub. Ora mənim ikinci evimdir.
Amma Sarayevoda valideynlərimin evinə qayıdanda, anam yemək bişirəndə və hamı bir masa arxasında toplaşanda özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm.
Bu formanı geyinəndə ürəyim tamam başqa cür döyünür.
Mən öz xalqım üçün oynayıram.
Sarayevonun küçələrində böyüyən oğlan və qızlar üçün oynayıram.
Ölkəmizi gözəlləşdirən bütün fərqli mədəniyyətlər və dinlər üçün oynayıram. Bəziləri bizi parçalamağa çalışsalar da…
Buna heç vaxt nail ola bilməyəcəklər.
Mənim sayəmdə yox.
Böyüklərin sayəsində də yox.
Çünki biz böyüklər çox vaxt öyrənmirik.
Sizin sayənizdə.
Siz uşaqlar dəyişmirsiniz.
Ona görə də sizdən son bir xahişim var.
İstər Sarayevoda, istər Romada, istərsə də Sent-Luisdə yaşayın…
İstər müsəlman, istər yəhudi, istər katolik, istərsə də pravoslav olun…
Heç vaxt haradan gəldiyinizi unutmayın.
Siz bosniyalısınız.
Və bütün dünya ayaqlarınızın altındadır.
Hamınızı sevirəm.
Hörmətlə,
Edin
Tərcümə: Elmar Rza