“Bu sahədə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdənik”

bu-sahede-dunyada-en-yaxsi-gostericilere-malik-olkelerdenik
Oxunma sayı: 508

“Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında və eləcə də cəmiyyətin hər bir sferasında yeni bir dönüş yarandı”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən plenar iclasında bildirib.

Millət vəkili qeyd edib ki, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül qısa zamanda aradan qaldırıldı: “Strateji baxış iqtisadi tənəzzülün qısa zamanda aradan qaldırılmasına, liberal iqtisadi islahatlar yolu mülkiyyət münasibətlərinin yeni mərhələyə qədəm qoymasına, sənaye, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın fərqli sektorlarında islahatların dərinləşməsinə səbəb oldu.

Liberal iqtisadiyyatın, sosial ədalət prinsiplərinin fonunda ölkənin iqtisadi müstəqilliyinin qorunması istiqamətində ardıcıl fəaliyyətlər həyata keçirilməyə başlanıldı. MDB məkanında ilk dəfə olaraq torpaq islahatı, yeni mülkiyyət növlərinin formalaşması və inkişafı, sosial ədalət və təmin sisteminin formalaşması və gücləndirilməsi, eləcə də Azərbaycanın dayanıqlı inkişafa nail olunması üçün xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Bu islahatlar strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı.

Qısa müddət sonra, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqaviləsi imzalandı. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhvə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi”.

V.bayramov əlavə edib ki, nəticədə ölkə iqtisadiyatının ən uzunmüddətli tənnəzzül prosesi dayandırıdı və 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi: “1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu.

Hazırda Azərbaycan tarixinin ən şanlı günləri və ən parlaq səhifələri yaşanır. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk ölkədir. Bütün bunlar, cənab Prezident İlham Əliyevin siyasi təmkini, beynəlxlaq arenada böyük diplomatik nüfuzu, hərb meydanında qəbul etdiyi cəsarətli qərarlar sayəsində mümkün oldu. 27 il həsrətlə baxdığımız torpaqlarda bu gün böyük quruculuq işləri həyata keçirilir.

Zəfərdən keçən qısa müddətdə işğaldan azad olunan ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayırlıb və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşıb, işləyir və təhsil alır. Son 23 il ərzində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, dövlət büdcəsinin gəlirləri təxminən 30 dəfə, icmal büdcənin gəlirləri isə 15 dəfə yüksəlib. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 90 milyard dollara çatıb. Xarici borcunun ÜDM-də payı bir rəqəmli həddə olan Azərbaycan valyuta ehtiyatlarının iqtisadiyyatın həcminə nisbətində dünyada ən yaxşı göstəricilərə malik olan ölkələrdəndir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Suverenliyimizin tam bərpasının banisi Ulu Öndərimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımız və şanlı ordumuz oldu”. 

Nuranə Daxilqızı