Tsarukyanın partiyası İrəvanda mitinq çağırdı

tsarukyanin-partiyasi-irevanda-mitinq-cagirdi
Oxunma sayı: 608

İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında mitinq keçirməyi planlaşdırır.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan bəyan edib. 

Onun sözlərinə görə, iyunun 7-də keçirilən parlament seçkiləri zamanı yol verilən pozuntulara qarşı etiraz etmək niyyətindədirlər.

Tonoyan partiya tərəfdarlarını MSK binası qarşısında toplaşmağa çağırıb. Bu açıqlamadan sonra MSK binasının ətrafına polisin xüsusi təyinatlı bölmələri gətirilib. Ərazidə vəziyyətin hələlik sakit olduğu bildirilir.

Xatırladaq ki, 7 iyun seçkilərində deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81 faiz səslə qalib gəlib. Rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 23,3 faiz, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9 faiz səs toplayıb. “Çiçəklənən Ermənistan” isə 3,996 faiz səs toplasa da, 4 faizlik həddi aşa bilmədiyinə görə parlamentdə yer qazana bilməyib. Seçkilərin yekun nəticələri iyunun 14-ü elan ediləcək. 

Daha əvvəl “Ermənistan” bloku parlament seçkilərinin ilkin nəticələrinə məhkəmədə etiraz edəcəyini açıqlayıb, “Güclü Ermənistan” partiyası isə seçkilərin nəticələrinin etibarsız hesab olunması tələbi ilə Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edib.