“Bavariya”nın və Almaniya milli komandasının yarımmüdafiəçisi Camal Musiala azarkeşləri növbəti dəfə təşvişə salıb.
“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı futbolçu bir həftə ərzində artıq ikinci dəfə meydanda huşunu itirib.
Məlumata görə, hadisə avqustun 18-də “Haydenhaym”a qarşı keçirilən yoldaşlıq görüşündə (münxenlilər 4:2 hesabı ilə qalib gəlib) baş verib. Musiala 61-ci dəqiqədə İsmayıl Saibarini əvəzləyərək oyuna daxil olub. Lakin cəmi 6 dəqiqə sonra o, meydanın mərkəzində yerə yıxılıb. Hər iki komandanın futbolçuları dərhal onun ətrafına toplanıb. Xoşbəxtlikdən, tibbi heyətin qısa müdaxiləsindən sonra futbolçu özünə gəlib və klub əməkdaşının köməyi ilə meydanı tərk edib.
Qeyd edək ki, oxşar hadisə cəmi 4 gün əvvəl – avqustun 15-də “Leyptsiq”ə qarşı keçirilən yoldaşlıq matçında da (3:1) qeydə alınmışdı. Həmin oyunda Musiala 83-cü dəqiqədə qol vurduqdan sonra huşunu itirmişdi. O zaman buna səbəb kimi Münxendə havanın temperaturunun 30 dərəcədən yüksək olması və güclü istilər göstərilmişdi. Son insidentin səbəbləri və təfərrüatları isə hələlik dəqiqləşdirilməyib.
Əvvəlki hadisədən sonra “Bavariya”nın idman direktoru Maks Eberl Musialanın özünü yaxşı hiss etdiyini bildirsə də, hadisənin təkrarlanması ciddi narahatlıq doğurub. Münxen klubunun futbolçunun səhhəti ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.
Xatırladaq ki, 23 yaşlı Musiala 2020-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Klubun heyətində o, altıqat Almaniya çempionu, ölkə kubokunun, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Son xəbərlər
Son Xəbərlər